"SGS Azeri LTD"-nin akkreditasiya attestatı ləğv olunub

"SGS Azeri LTD"-nin akkreditasiya attestatı ləğv olunub
# 07 aprel 2017 10:43 (UTC +04:00)

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi yanında Dövlət Akkreditasiya Xidməti tərəfindən “Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” qanunun tələblərinə əsasən "SGS Azeri LTD" MMC-nin inspeksiya orqanında 15-17 mart 2017-ci il tarixlərində inspeksiya nəzarəti həyata keçirilib.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, inspeksiya nəzarəti zamanı orqanın AZS İSO 17020-2008 "İnspeksiya aparan müxtəlif növ orqanların əməliyyatı üçün ümumi meyar" standartının tələblərinə uyğunluğu qiymətləndirilib və bir sıra nöqsanlar aşkar edilib. Belə ki, "SGS Azeri LTD"-nin inspeksiya orqanında idarəetmə sisteminin mövcud olmadığı müəyyən edilmiş, orqan tərəfindən aparılan inspeksiya işlərində yeyinti məhsulları (buğda) üzrə 4 ədəd, neft-qaz və neft-kimya məhsulları üzrə 107 ədəd istifadə olunan ölçmə vasitəsi, Səngəçal Sənaye Parkında "SGS Azeri LTD"-nin sənaye sahəsi üzrə istifadə edilən heç bir ölçmə vasitəsi (1 il 6 ay ərzində) dövri yoxlamaya təqdim edilmədən istismar edilib.

Bundan başqa, Qaradağ rayonu Səngəçal terminalında "Şahdəniz-2" layihəsi üzrə "SGS Azeri LTD"-nin laboratoriyası tərəfindən 01.03.2016 - 01.03.2017-ci il tarixlərində yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 15007 ədəd, Bakı şəhəri, Nobel prospektində yerləşən neft-qaz və neft-kimya məhsullarının sınaq laboratoriyasında isə yoxlamadan keçməmiş ölçmə vasitələri ilə 694 ədəd sınaq aparılıb. Həmin sınaqlar "SGS Azeri LTD" MMC-nin qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasında və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasında aparılıb.

İnspeksiya nəzarətinin nəticəsində Dövlət Akkreditasiya Xidməti tərəfindən "SGS Azeri LTD"-nin inspeksiya orqanının, qumun, qıramdaşın, beton və beton qarışığının keyfiyyət göstəricilərinin təyini üzrə sınaq laboratoriyasının və neft, qaz və kimya məhsullarının sınaq laboratoriyasının akkreditasiya attestatlarının qüvvədə olma müddətinin dayandırılması və aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə qərar qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR