Azərbaycan polisinin ictimaiyyətlə əlaqələri: Bu gün və sabaha baxış

Azərbaycan polisinin ictimaiyyətlə əlaqələri: Bu gün və sabaha baxış
# 18 may 2018 11:57 (UTC +04:00)

Azərbaycanda ictimai asayişin qorunmasında, dövlətə qarşı cinayətkar qəsdlərin önlənilməsində daxili işlər orqanlarının üzərinə mühüm missiya düşür. Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun da hər zaman qeyd etdiyi kimi, Azərbaycan polisinin keçdiyi yol dövlətçiliyimizin tarixi ilə sıx bağlıdır. 1918-1920-ci illərdə polis müstəqil dövlətimizin milli maraqlarının müdafiəsində mühüm rol oynayıb. Cümhuriyyətin süqutundan sonra Azərbaycanın Sovet İttifaqının tərkibində olduğu 70 il ərzində də daxili işlər orqanları inkişaf edib, ictimai asayişin qorunmasında yüksək nəticələr və zəngin təcrübə qazanıb. İkinci dəfə müstəqillik əldə etdikdən sonra Azərbaycanın daxilində olan bütün qanunsuz silahlı dəstələrin ləğv olunması, cinayətkar qrupların zərərsizləşdirilməsi ölkədə dövlət quruculuğu prosesinin aparılmasına zəmin yaradıb. Ötən illər ərzində də ölkədə ictimai asayiş təmin olunub, cinayətkarlığın səviyyəsi aşağı düşüb. Məhz bütün bunları nəzərə alaraq, böyük dövlət xadimi Heydər Əliyev hələ 19 il öncə - 1998-ci il 24 may tarixdə imzaladığı fərmanla iyulun 2-ni “Azərbaycan Polisi Günü” elan edib. İlham Əliyevin 2003-cü ilin oktyabr ayında Azərbaycan Respublikasının prezidenti seçilməsi ilə ötən dövr ərzində həyata keçirilən islahatlar çərçivəsində daxili işlər orqanlarının müasirləşməsi üçün lazımi tədbirlər görülüb. Prezident İlham Əliyevin tapşırığı əsasında istifadəyə verilmiş qaynar xətlər, veb-saytlar, elektron xidmətlər, idarəetmə sistemləri, dövlət rüsumlarının və cərimələrin real vaxt rejimində ödənilməsi imkanlarının yaradılması, informasiya əldə olunmasının asanlaşdırılması və həyata keçirilən digər innovativ təşəbbüslər dövlət-vətəndaş münasibətlərində birbaşa ünsiyyəti istisna edən yeni yanaşmanın əyani təzahürüdür. Daxili işlər nazirinin də hər zaman vurğuladığı kimi müasir Azərbaycan polisi ictimai asayişin, qanunçuluğun və hüquq qaydasının qorunması üzrə dəqiq təşkil edilmiş sistemi, peşəkar kadr korpusu, güclü maddi-texniki bazası olan vahid mərkəzləşdirilmiş hüquq mühafizə orqanıdır.

Bəs fəaliyyətinin 100-cü ildönümü tamam olan Azərbaycan polisinin bu gün ictimaiyyətlə əlaqələrini necə xarakterizə etmək olar? İctimaiyyətlə əlaqələrdə mətbuatın aparıcı rolunu nəzərə alıb, ilk öncə bu sahədə ixtisaslaşan, həm də KİV üçün əsas informasiya mənbəyi olan aparıcı informasiya agentliklərinin əməkdaşlarının fikirlərinə diqqət yetirək.

Uğurlar və arzular

APA İnformasiya Agentliyinin əməkdaşı Hafiz Heydərov deyir ki, digər dövlət qurumları ilə müqayisədə Daxili İşlər Nazirliyi (DİN) mətbuatı daha çox informasiya ilə təmin edən qurumdur. Xüsusən DİN-nin saytında mütəmadi olaraq konkret günlər üzrə məlumatlar yerləşdirilir. H. Heydərov heç bir dövlət qurumunun gün ərzində bu qədər məlumatı ictimaiyyətə təqdim etmədiyinə diqqət çəkir. Digər müsbət məqam odur ki, nazirliyə istənilən hadisə ilə bağlı sorğunu ünvanladıqda ona operativ cavab almaq mümkündür. APA İnformasiya Agentliyinin əməkdaşı DİN-nin yaydığı məlumatların dəqiq və əhatəli olduğunu da vurğulayır.

H. Heydərov keçən il cinayətkarlıqla mübarizə və ictimai asayişin təmini sahəsində ərazi polis orqanları tərəfindən həyata keçirilən tədbirlərin nəticələri cinayətlər barədə KİV nümayəndələrini və ictimaiyyəti daha ətraflı və operativ şəkildə məlumatlandırmaq, polis-media münasibətlərinin daha da yaxınlaşdırılması məqsədilə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun ölkəmizin 6 bölgəsində - Gəncə, Şirvan, Quba, Lənkəran, Şəki və Bərdə şəhər və rayonlarında Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qruplar yaratdığını xatırladır. Bununla əlaqədar, DİN kütləvi informasiya vasitələrində xidmətə qəbulla əlaqədar müsabiqənin keçirilməsi barədə elanlar verib. Şəffaflıq, aşkarlıq və ədalət prinsipləri əsasında gerçəkləşən qəbul zamanı dövlət ali təhsil müəssisələrini jurnalist ixtisası üzrə bitirmiş, media qurumlarında işləmək təcrübəsi olan, yaşı 30-dan yuxarı olmayan və həqiqi hərbi xidmət müddətini başa vurmuş şəxslərə üstünlük verilib. Seçimin sonunda iştirakçılar arasından daha hazırlıqlı olan 6 nəfər polis leytenantı xüsusi rütbələri verilməklə həmin vəzifələrə təyin olunub. H. Heydərov bildirir ki, bu, regionlarda baş verən hadisələrlə bağı operativ informasiya alınması prosedurunu asanlaşdırıb: “Ötən dövr nəzər salsaq, bu, jurnalistlərin polislə sıx əməkdaşlığına böyük təkan verib, eyni zamanda regionlarda jurnalistikanın inkişafında mühüm rol oynayır. Əvvəllər KİV-lərin bölgə müxbirlərinin redaksiyalara təqdim etdikləri məlumatların DİN mətbuat xidməti ilə dəqiqləşdirilməsi lazım gəlirdi ki, bu da daha çox vaxt itkisinə səbəb olur, informasiyanın cəmiyyətə operativ çatdırılmasına maneə yaradırdı. Hazırda isə regionlarda çalışan müxbirlər regionla bağlı hadisəni DİN-nin mətbuat xidmətinin regional qrupları ilə dəqiqləşdirərək redaksiyalara təqdim edir. Bu da informasiyaların cəmiyyətə daha operativ çatdırılmasını şərtləndirir”.

“Trend” İnformasiya Agentliyinin əməkdaşı Samir Güləliyev də DİN Mətbuat Xidmətinə bilavasitə tabe olan regional qrupların yaradılması və bu qrupların fəaliyyətinin informasiyanın operativ əldə edilməsi və yayılması baxımından müsbət rol oynadığını söyləyir. S. Güləliyev hesab edir ki, ümumiyyətlə, DİN Mətbuat Xidmətinin fəaliyyəti öncəki illərlə müqayisədə daha operativdir. Jurnalist Mətbuat Xidmətinin rəisi Ehsan Zahidov və mətbuat xidmətinin rəis müavini Orxan Mansurzadənin KİV-lə münasibətlərinin də bu istiqamətdə rolunu qeyd edir: Əgər əvvəllər DİN Mətbuat Xidmətinə sorğu ilə müraciət edilən zaman 1, 2 günə sorğu cavablandırılırdısa, son dövrlər sorğulara dərhal cavab verilir. Bu, müsbət bir məqamdır”.

İnformasiya agentliklərinin əməkdaşlarının polis və KİV əlaqələrinin daha da intensivləşməsi yönündə arzuları da var. H. Heydərov qeyd edir ki, DİN-nin saytında hər gün 30-a qədər informasiya yerləşdirilir. Ancaq bu məlumatların böyük əksəriyyəti respublika ərazisində bir gün əvvəl baş vermiş hadisələrlə bağlı olur: “Çox istərdik ki, gün ərzində baş verən hadisələr elə həmin gün, yaxud günün sonunda DİN-nin saytına yerləşdirilsin. Digər tərəfdən, nazirliyin yüksək vəzifəli şəxslərinin, idarə və baş idarə rəislərinin dövrü olaraq mətbuata müsahibə vermələri, müvafiq sahələrlə bağlı ictimaiyyəti maraqlandıran sualları cavablandırmaları yaxşı olardı”.

S. Güləliyev də bu məsələdə H. Heydərovla həmrəydir. “Trend” İnformasiya Agentliyinin əməkdaşı deyir ki, xüsusən cəmiyyətdə geniş rezonans doğuran hadisələrlə bağlı məlumatların hadisə baş verəndən sonra 1-2 saat ərzində DİN-nin saytında yerləşdirilməsi cəmiyyətinin daha operativ məlumatlandırılması baxımından yaxşı olardı.

Fərqli məqam

Polis orqanları ilə daim sıx əməkdaşlıq etmiş “Ədalət” qəzetinin uzun illər baş redaktoru olmuş, qəzetin hazırkı təsisçisi, millət vəkili Aqil Abbas da DİN Mətbuat Xidmətinin fəaliyyətindən razıdır. Onun sözlərinə görə, “Ədalət” qəzetinin hər nömrəsində DİN-nin saytında yerləşdirilmiş, o cümlədən nazirliyin mətbuat xidmətinin göndərdiyi materiallar dərc olunub: “Nə zaman hər hansı hadisə ilə bağlı məlumat almaq üçün DİN Mətbuat Xidmətinə zəng açmışıqsa, müvafiq qaydada operativ cavab verilib. Azərbaycanda fəaliyyəti yüksək qiymətə malik iki dövlət qurumunun mətbuat xidməti varsa, onun biri məhz DİN Mətbuat Xidmətidir. DİN Mətbuat Xidməti mətbuatla yüksək səviyyədə əlaqələr qurub. Bir məqamı da qeyd edim. Ölkədə çoxlu sayda qəzet, sayt və agentliklər var. Bu qədər çoxlu sayda KİV-in gün ərzində suallarını cavablandırmaq hər hansı dövlət qurumunun mətbuat xidməti üçün fiziki baxımdan da çətindir. Buna görə də bəzən mətbuat xidmətləri ilə KİV-lər arasında mübahisələr yaranır. Bu baxımdan DİN-nin saytında daha çox məlumatın yerləşdirilməsi, o cümlədən DİN Mətbuat Xidmətində çalışan əməkdaşların sayının artırılması daha yaxşı olardı. Digər tərəfdən, ümumiyyətlə, istənilən nazirlik öz mətbuat xidmətini daha çox məlumatla təmin etməli, məlumatlandırmalıdır ki, mətbuat xidmətləri KİV-in suallarına daha operativ cavab versin”.

Mətbuat Şurası İdarə Heyətinin üzvü, Mətbuat Şurasının “reket” jurnalistikaya qarşı mübarizə komissiyasının sədri Vüqar Rəhimzadə polisin ictimaiyyətlə əlaqələrini yüksək qiymətləndirir: “Hər hansı bir hadisə, məsələ ilə bağlı polis orqanlarına müraciət etdikdə, operativ cavab verilir. Bu da KİV üçün önəmlidir. DİN-in ictimaiyyətlə əlaqələri uğurludur və bu uğurlu tendensiya davam edir. DİN saytında baş verən hadisələrlə bağlı mütəmadi məlumatlar yerləşdirir və bu da xüsusi qeyd olunmalıdır. Ümumən polisin ictimaiyyətlə əlaqələrində hər hansı ciddi problem yoxdur. Eyni zamanda DİN Mətbuat Xidmətinin redaktorlarla mütəmadi görüşlərin keçirilməsini də arzu edirik. Bu görüşlərdə polisin ictimaiyyətlə əlaqələrinin daha yüksək səviyyədə qurulmasına dair təkliflərin irəli sürülə, bu da KİV-lə münasibətlərin daha yüksək səviyyədə formalaşmasına töhfə verə bilər”.

Vətəndaş amili

Mətbuat Şurasının sədri Əflatun Amaşov deyir ki, Azərbaycanda bütün dövrlərdə əmin-amanlığın qorunması əsasən polisin çiynində olub. Xalq Cümhuriyyəti dövründə də ölkədə əmin-amanlığın qorunmasında polisin xüsusi rolu olub. Bu yaxınlarda Milli Məclisdə Azərbaycan ədliyyəsi ilə bağlı məsələ müzakirə olundu. Bu gün fəaliyyət göstərən dövlət qurumlarının əksəriyyətinin əsası Xalq Cümhuriyyəti dövründə qoyulub. Bir müddət əvvəl parlamentdə “Azərbaycan Ədliyyəsinin 100 illiyi (1918-2018)” xüsusi medalı təsis edildi. Milli Məclisdə keçirilən həmin iclasda mənim çıxış etmək imkanım olmadı. Çıxış etmək imkanım olsaydı, Azərbaycan polisinin 100 illiyi ilə bağlı xüsusi medalın təsis edilməsini təklif edərdim. Hesab edirəm ki, Azərbaycan polisinin 100 illiyi ilə bağlı medalın təsis olunması yerinə düşərdi. Bir məqamı da qeyd etmək istəyirəm. Mənim polisdə çalışmış və hazırda çalışan çoxsaylı qohumlarım var. Mən o insanların həyatını müşahidə etmişəm, bu gün də müşahidə edirəm. Onlar kifayət qədər öz dövlətlərinə sadiq, dövlətlərinə və xalqına xidmət edən, peşələrini sevən insanlardır. Bir sözlə, əsl vətəndaşlardır”.

Mətbuat Şurasının sədri bildirir ki, KİV-lərə diqqət yetirsək, polis-ictimai əlaqələrinin kifayət qədər yüksək səviyyədə olmasının şahidi olarıq: “DİN Mətbuat Xidməti bu quruma Sadiq Gözəlov rəhbərlik edəndə də, hazırda Ehsan Zahidovun rəhbərlik etdiyi dövrdə də jurnalistlər üçün kifayət qədər açıq olub. DİN Mətbuat Xidmətindən istənilən məsələ ilə bağlı məlumat almaq mümkündür. DİN Mətbuat Xidməti dövlət orqanlarının mətbuat xidmətləri arasında seçilən, jurnalistlərin suallarını hər zaman cavablandıran mətbuat xidmətidir. Polis və KİV-lər arasında əlaqələrin daha da inkişafı etdirilməsinə gəlincə, biz əvvəllər jurnalistlərin ixtisaslaşması, peşəkarlığının artırılması ilə bağlı polislə birlikdə müəyyən tədbirlər təşkil edirdik. Jurnalistika elə sahədir ki, daim bu sahəyə yeni jurnalistlər gəlir. Tək polis deyil, digər hüquq-mühafizə orqanları ilə bağlı sahələr üzrə də jurnalistlərin peşəkarlığı daim artırılmalı, mütəmadi bu məsələ diqqət mərkəzində olmalıdır. Eyni zamanda polis orqanları ilə birgə tədbirlərinin keçirilməsi, jurnalistlərin peşəkarlığının artırılması diqqət mərkəzində olmalıdır. Bəzi jurnalistlər hüquqi mövzuda yazır, ancaq qərarla hökmün fərqini bilmir, hadisələri hüquqi baxımdan düzgün qiymətləndirmir. Bu baxımdan peşəkarlığın artırılmasına ehtiyac var. Polislə bağlı da spesifik sahələr var. O sahələr üzrə yetkin məlumat əldə etmək, ictimaiyyətdə yetkin bir fikir formalaşdırmaq istəyiriksə, o zaman bu sahələr üzrə peşəkar jurnalistlər yetişdirməliyik”.

Mətbuat Şurasının sədri onu da deyir ki, polisə tək polis kimi baxmaq və qiymətləndirmək düzgün deyil: “Polis də vətəndaşdır, yaxınımızdır, xalqın nümayəndəsidir. Bu aspektdən baxsaq, polisə daha obyektiv qiymət vermək olar”.

Ramiz Mikayıloğlu

Qeyd: Yazı Daxili İşlər Nazirliyinin Azərbaycan Polisinin 100 illik yubileyi ilə əlaqədar elan etdiyi müsabiqəyə təqdim etmək üçün hazırlanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR