Sumqayıt Səhiyyə Şöbəsi 1 saylı Doğum evində ananın vəziyyətinin pisləşməsi barədə məlumatlara münasibət bildirib

Sumqayıt Səhiyyə Şöbəsi 1 saylı Doğum evində ananın vəziyyətinin pisləşməsi barədə məlumatlara münasibət bildirib
# 11 oktyabr 2016 11:26 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Sumqayıt şəhər 1 saylı Doğum evində qeysəriyyə yolu ilə ana olan qadın əməliyyat zamanı mikroba yoluxub. APA-nın xəbərinə görə, vətəndaş Fərqan Əliyev Sumqayıt şəhər 1 saylı Doğum evində həkimlərin səhlənkarlığı nəticəsində həyat yoldaşının ağır vəziyyətə düşdüyünü, həyatına təhlükə yarandığını bildirib.

F. Əliyev qeyd edib ki, həyat yoldaşı Sumqayıt şəhər 1 saylı Doğum evinə normal doğuş üçün qəbul olunub, sonradan doğuş edə bilmədiyini əsas gətirərək onu qeysəriyyə yolu ilə əməliyyat ediblər. Müalicə üçün 5 gün xəstəxanada saxladıqdan sonra məlum olub ki, ananın vəziyyəti yaxşı deyil. Doğuşdan sonra qan itirdiyini bildirərək anaya 3 dəfə qan köçürülüb və antibiotiklər təyin edilib, əməliyyat sonrası bunun normal hal olduğu bildirilib. 8 gündən sonra evə buraxılan ananın vəziyyəti kəskinləşib. Respublika Klinik Xəstəxanasında müayinə edilən qadının əməliyyat zamanı mikroba yoluxduğu məlum olub. Eyni zamanda bildirilib ki, aparılan müalicələrin heç bir təsiri olmayıb, bədəndə ağırlaşma yaranıb.

F. Əliyev qeyd edib ki, Sumqayıt şəhər 1 saylı Doğum evindən Respublika Klinik Xəstəxanasına göndəriş almaq istəsələr də, buna nail ola bilməyiblər. Onun sözlərinə görə, hazırda ananın durumu ağır olaraq qalır. O, bununla bağlı hüquq-mühafizə orqanlarına müraciət edəcəyini bildirib, eyni zamanda Səhiyyə Nazirliyindən məsələni araşdırmağı tələb edib.

Sumqayıt şəhər Səhiyyə şöbəsinin mətbuat xidmətinin əməkdaşı Xalidə Quliyeva APA-ya bildirib ki, 1986-cı il təvəllüdlü Əliyeva Aliyə Səyyad qızı oktyabrın 1-də xəstəxanaya daxil olub, oktyabrın 8-də isə evə yazılıb: “Bu, ananın 1-ci hamiləliyi olub. Doğuş zamanı bir qədər qan itkisi olub və ona əlavə qan köçürülüb. Hamiləlik və ya doğuş zamanı anada hər hansı bir xəstəlik aşkar olunmayıb. Nisbətən qan azlığı olub və əməliyyatdan 2 gün sonra qızdırması qalxıb. Oktyabrın 8-də vəziyyəti normal olan ana evə yazılıb. 1 gün sonra yenidən qızdırması qalxıb və oktyabrın 10-da Respublika Klinik Xəstəxanaya daxil edilib.

X.Quliyeva qeyd edib ki, qadının temperaturunun yüksəlməsinin səbəbi hələlik məlum deyil: “Ona doğuş zamanı hər hansı infeksiyanın yoluxdurulduğunu demək çətindir. Bütün lazımi analizlər götürüləcək və sonradan temperaturun qalxma səbəbi dəqiq bilinəcək”.

Şöbə əməkdaşı A. Əliyevaya Respublika Klinik Xəstəxanasına təqdim etmək üçün göndəriş verildiyini bildirib: “Göndəriş lazım idi, bu gün həkimlər veriblər, qadını əməliyyat edən həkim də Respublika Klinik Xəstəxanasına gedib”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR