Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib

Moldovada Xocalı soyqırımı ilə əlaqədar etiraz aksiyası keçirilib
# 27 fevral 2018 13:32 (UTC +04:00)

Moldova Azərbaycan Konqresinin gənclər təşkilatı ilə Moldova Azərbaycanlı Tələbələr Birliyi paytaxt Kişinyovun mərkəzi meydanında fleşmob təşkil edib və oradan Ermənistan səfirliyinədək yürüş keçirib.

Diasporla İş üzrə Dövlət Komitəsindən APA-ya verilən xəbərə görə, gənclərin aksiyası yerli əhalinin diqqətini Xocalı faciəsinə çəkmək və azərbaycanlılara qarşı həyata keçirilən bu soyqırım aktı barədə ictimaiyyəti məlumatlandırmaq məqsədini daşıyıb. Yürüş zamanı aksiya iştirakçıları yolboyu Xocalı soyqırımı barədə təbliğat xarakterli bukletlər və broşüləri Kişinyov sakinlərinə və turistlərə paylayıb.


Əllərində plakatlar və Azərbaycan bayraqları tutan gənclər "Xocalıya ədalət!", "Aqressiyaya son!", "Qarabağ bizimdir və bizim olacaq!", "Serj Sarkisyan terroristdir!" şüarları ilə Ermənistan səfirliyinin önünə qədər yürüş edərək orada aksiyaya davam ediblər.

Moldova Azərbaycan Konqresi gənclər təşkilatının sədri Səfər Məmmədov çıxış edərək dünya dövlətlərini, beynəlxalq təşkilatları Ermənistanın təcavüzkar siyasətinə sərt reaksiya verməyə çağırıb. Moldovada Azərbaycanlı Tələbələr Birliyinin sədri Orxan Ağayev yerli mediaya çıxışında qeyd edib ki, keçirilən aksiya ilə Moldovada yaşayan Azərbaycan gəncləri bütün dünyaya erməni işğalçılarının dinc sakinlərə qarşı törətdiyi amansız cinayətləri tanıtmaq istəyirlər.

Sonda aksiya iştirakçıları tərəfindən BMT və ATƏT-in Moldovadakı nümayəndəliklərinə ünvanlanmış və Xocalı soyqırımın tanınması, faciənin günahkarlarının cəzalandırılması, bu soyqırıma beynəlxalq səviyyədə obyektiv siyasi-hüquqi qiymətin verilməsi tələbinin əks olunduğu bəyanat oxunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR