Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 16%-ə yaxın artıb

Azexport.az portalına daxil olan ixrac sifarişlərinin dəyəri 16%-ə yaxın artıb
# 28 noyabr 2019 14:51 (UTC +04:00)

Bu ilin yanvar-oktyabr aylarında Azexport.az portalına 477,4 mln. ABŞ dolları dəyərində ixrac sifarişləri daxil olub ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 15,6% çoxdur.

"APA-Economics"in xəbərinə görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin departament rəhbəri Ramil Hüseyn deyib.

Onun sözlərinə görə, ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin yanvar-oktyabr aylarında ixrac sifarişləri 10,3% artıb.

"2019-cu ilin oktyabr ayında isə portala daxil olan ixrac sifarişlərinin dəyəri 41 mln. dollar təşkil edib və ötən ilin müvafiq ayı ilə müqayisədə 78% artıb. Cari ilin yanvar-oktyabr aylarında portala daxil olan ixrac sifarişlərinin ilk beşliyində Rusiya (11,9%), Türkiyə (6,5%), Böyük Britaniya (5,4%), Hindistan (5,3%) və ABŞ (5,3%) qərarlaşıb. Cari ilin oktyabr ayında Azexport.az portalına ən çox ixrac sifarişi pambıq lifi və pambıq toxumu, fındıq ləpəsi, toyuq əti və yumurtası, sarımsaq, biyan kökü, tütün, qənnadı məhsulu, şərab, mebel dəsti, çay, tikinti materialı, soğan, mühərrik yağı, alma, kosmetik vasitə, nar şirəsi, qurudulmuş meyvə, qızılgül və s. mallara daxil olub", - deyə R. Hüseyn qeyd edib.

Qeyd edək ki, 2017-ci ilin yanvar ayından 2019-cu ilin 31 oktyabr tarixinə kimi (34 ay ərzində) Azexport.az portalına dünyanın 138 ölkəsindən daxil olan ixrac sifarişlərinin dəyəri 1 milyard 466,5 mln. dollar təşkil edib.

Bu ilin noyabr ayında “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi vasitəsi ilə həyata keçirilən qeyri-neft ixracının dəyəri isə 12 mln. dollar olub. 2019-cu ilin yanvar-noyabr ayları ərzində “Bir Pəncərə” İxraca Dəstək Mərkəzi tərəfindən yüzlərlə sahibkara ixracla bağlı müvafiq sertifikatlar verilib və bunun nəticəsində 130 mln. dollardan çox qeyri-neft ixracı həyata keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR