Deputat: "Türkiyə dövləti Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslər barəsində ən ciddi tədbirlər görməlidir”

Deputat: "Türkiyə dövləti Dağlıq Qarabağa qanunsuz səfər etmiş şəxslər barəsində ən ciddi tədbirlər görməlidir”
# 28 sentyabr 2017 16:32 (UTC +04:00)

“Təəssüf ki, Türkiyə vətəndaşları olan bir qrup şəxs Azərbaycanın işğal olunmuş ərazilərinə səfər edir və bu barədə Türkiyə dövləti heç bir tədbir görmür. Bu, ilk növbədə Türkiyə - Azərbaycan münasibətləri, Türkiyə və Azərbaycan arasındakı strateji əməkdaşlıq ruhuna yaraşmır”.

Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı, “Yeni Azərbaycan” qəzetinin baş redaktoru Hikmət Babaoğlu deyib.

Millət vəkili bildirib ki, Ermənistan tərəfindən işğal olunmuş Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə səfər edən Türkiyə vətəndaşları təkcə Azərbaycanın əleyhinə deyil, həm də öz ölkələrinin əleyhinə fikirlər səsləndiriblər: “Türkiyə güclü dövlətdir və bu qanunsuz səfərlə bağlı mütləq tədbirlər görülməlidir. Bu cür hərəkətlər, bu cür addımlar birinci dəfə deyil. Bilirik ki, bir neçə dəfə bəzi türkiyəli jurnalistlər Azərbaycanın icazəsi olmadan işğal olunmuş ərazilərimizə səfər ediblər. Bu məsələnin bu şəkildə davam etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq çox ciddi hiddət doğurub. Azərbaycan ictimaiyyəti bu səfəri şiddətlə qınayır. Ona görə də Türkiyə dövləti bu şəxslər haqqında ən ciddi tədbirləri görməlidir”.

H. Babaoğlunun sözlərinə görə, münasibətlər hər şeydən öncə qarşılıqlı hörmət və beynəlxalq hüquqa əsaslanmalıdır: “Azərbaycan bu məsələdə çox həssasdır. Çünki Azərbaycanın əraziləri işğal olunub. Türkiyənin belə bir həssas, milli məsələsində azərbaycanlılar buna bənzər addımlar atsa, tutaq ki, Azərbaycanın bir qrup tanınmış şəxsi Cənubi Kipr respublikasına səfər edir və orada müxtəlif görüşlər keçirib anti - Türkiyə fikirlər səsləndirirsələr, görəsən Türkiyənin münasibəti necə olar? Türkiyə özünü Azərbaycanın yerinə qoymalıdır və buna əsasən də qərar qəbul etməlidir. Azərbaycan beynəlxalq təşkilatlarda, hər yerdə hər zaman Türkiyəni dəstəkləyib. 2016-cı ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin hərbi yolla çevrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu. Azərbaycan xalqı daima Türkiyənin yanında olduğunu bildirir. Ona görə də Azərbaycan ictimaiyyəti, Azərbaycan xalqı bu qətiyyəti Türkiyədən gözləyir. Türkiyə ya o şəxsləri özü cəzalandırsın, ya da beynəlxalq hüquq normalarına uyğun olaraq Azərbaycanın işğal olunmuş ərazilərinə qeyri-qanuni səfər etdiklərinə görə onları ölkəmizə təhvil versin. Qoy biz onları cəzalandıraq. Burada mütləq cəza tədbirləri görülməlidir ki, bir də belə hallar təkrar olunmasın. Hazırkı vəziyyətdə Azərbaycan ictimaiyyəti bu məsələnin necə başa çatacağını gözləyir. Ümid edirik ki, Türkiyə dövləti bu şəxsləri ciddi şəkildə cəzalandıracaq”.

Yeni Azərbaycan Partiyası (YAP) Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə APA-ya deyib ki, ziyalı adını daşıyan bəzi Türkiyə vətəndaşlarının Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsinə səfər etməsi Azərbaycan ictimaiyyətində haqlı olaraq böyük hiddət və narahatlığa səbəb olub: “Biz ümidvarıq ki, Türkiyə dövləti bu şəxslər barəsində lazımı cəza tədbirlərini görəcək. Ermənistan həm Türkiyə, həm də Azərbaycanla bağlı düşmən mövqedədir. Digər tərəfdən, Ermənistan region və dünya üçün təhlükəli, terrorçu dövlətdir. Bütün bu sadaladıqlarımın fonunda Azərbaycanın işğal edilmiş ərazilərinə belə bir səfərin baş tutması birmənalı şəkildə lənətlənməlidir. Biz bu şəxslərin cəzalandırılmasını tələb edirik. Türkiyə dövləti onların cəzalandırılması istiqamətində addımlar atmalı və öz qəti mövqeyini ortaya qoymalıdır”.

V. Rəhimzadə qeyd edib ki, Türkiyə vətəndaşlarının Dağlıq Qarabağa qanunsuz səfərləri Türkiyə - Azərbaycan qardaşlığına ən böyük xəyanətdir: “Türkiyə dövləti, Türkiyə hökuməti və xalqı üçün bütün həssas məsələlərdə Azərbaycan öz dəstəyini əsirgəməyib. Ötən ilin iyul ayında Türkiyədə qanuni hakimiyyətin devrilməsinə cəhd olunan zaman Azərbaycan prezidenti cənab İlham Əliyev öz qəti mövqeyini ortaya qoydu, qardaş Türkiyəyə, onun dövlət başçısına dəstəyini ifadə etdi. İndi isə Türkiyədən olan bir qrup “ziya”lının iki ölkə arasındakı ənənələrə, dostluğa zidd olaraq Dağlıq Qarabağa səfər etməsi xəyanətdən başqa bir şey deyil. Biz Türkiyədən bu xəyanətin qarşısını almağı, bu xəyanətkarların lazımi qaydada cəzalandırılmasını, hətta lazım gələrsə onların Azərbaycana təhvil verilməsini gözləyirik. Yenə qeyd edirəm ki, bu səfər Türkiyə - Azərbaycan dostluğuna böyük bir zərbədir. Azərbaycan mərdi-mərdanə Türkiyə ilə dostluğuna sadiq olub. Amma təəssüflər olsun ki, Türkiyə vətəndaşlarının erməni işğalı altındakı Dağlıq Qarabağa səfər etməsi Türkiyə - Azərbaycan münasibətlərinə xələl gətirir”.

Qeyd edək ki, sentyabrın 22-də Türkiyədən olan bir qrup ziyalı - Əli Bayramoğlu, Səid Çəkinoğlu, sabiq millət vəkili “Yaşıllar və Sol Gələcək Partiyası”nın rəsmisi Ufuk Uras, yazıçı və aparıcı Erol Katırçıoğlu “Qərbi Ermənistan Konqresi” adlanan təşkilatın təşəbbüsü ilə Dağlıq Qarabağa qeyri-qanuni səfər edib, qrup üzvləri anti-Azərbaycan və anti-Türkiyə xarakterli, ermənipərəst fikirlər səsləndiriblər.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR