DSMF-nin gəlirləri pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib

DSMF-nin gəlirləri pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib
# 23 iyul 2015 08:36 (UTC +04:00)

Bakı. Vüsal Nəbiyev - APA-Economics. Dövlət Sosial Müdafiə Fondunun gəlir və xərclərinin icrası, sığorta-pensiya sistemində beynəlxalq standartların tətbiqi və əmək pensiyaçılarının sosial müdafiəsinin gücləndirilməsi tədbirləri 2015-ci ilin 6 ayında da uğurla davam etdirilib.

APA-Economics” xəbər verir ki, bu barədə jurnalistlərə açıqlama verən Dövlət Sosial Müdafiə Fondunun sədri Elman Mehdiyev bu ilin yanvar-iyun aylarında fondun cəmi gəlirlərinin 1466,5 mln. manat təşkil etməklə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 3,2% və ya 44,8 mln. manat artdığını diqqətə çatdırıb.

“Fondun sosial sığorta gəlirləri 8% artaraq 870,2 milyon manat təşkil edib. Bu daxilolmaların 65,3%-i və ya 568,5 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb ki, bu da əvvəlki ilin birinci yarısına nisbətən 9,5% və ya 49 milyon manat yuxarıdır”, - deyə E.Mehdiyev bildirib.

Fond sədrinin sözlərinə görə, “Qeyri-büdcə daxilolmalarının belə sürətli artımı Azərbaycan prezidentinin həyata keçirdiyi genişmiqyaslı islahat tədbirləri nəticəsində ölkədəki orta aylıq əməkhaqqının artımı, daimi yeni iş yerlərinin yaradılması və əməkhaqlarının leqallaşdırılması dərəcəsinin yüksəldilməsinin birbaşa təsirinin göstəricisidir. Bu artım tendensiyası, eyni zamanda, dövlət büdcəsindən Dövlət Sosial Müdafiə Fonduna ayrılan transfertin ötən ilin müvafiq dövrü ilə müqayisədə 18 milyon manat azalmasına səbəb olub”.

Bu ilin 6 ayı ərzində DSMF-nin xərcləri 1457,7 mln. manat təşkil edib. Bu vəsaitin 98,2%-i və ya 1431 mln. manatı əhaliyə ödənişlərə yönəldilib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafikdən əvvəl maliyyələşdirilməsinə imkan verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR