Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının iclası olub

Dövlət İmtahan Mərkəzi Direktorlar Şurasının iclası olub
# 30 noyabr 2017 11:45 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) Direktorlar Şurasının noyabrın 29-da növbəti iclası keçirilib.

DİM-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, iclasda dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi, dövlət qulluqçularının maarifləndirilməsi, dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi, dövlət qulluğuna qəbul və inzibati vəzifələrin tutulması sahəsində görülən işlər, eləcə də Avropa İttifaqının TAIEX layihəsi çərçivəsində DİM tərəfindən həyata keçirilən imtahanlarda “e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı və digər cari məsələlər müzakirə edilib.

Dövlət qulluğuna dair qanunvericiliyin təkmilləşdirilməsi işinin davamlı olaraq aparıldığını qeyd edən Şuranın sədri Məleykə Abbaszadə bildirib ki, bir ildən artıq müddət idi ki, bir çox hüquqi məsələ həllini tapmadığına görə dövlət qulluğuna müsabiqə yolu ilə qəbul imtahanı keçirmək mümkün olmayıb. Hazırda hüquqi müstəvidə məsələlərin çoxu həll olunub və Mərkəz bu imtahanların keçirilməsinə başlayıb.

Belə ki, 18 noyabr 2017-ci il tarixində dövlət qulluğunda inzibati vəzifələrin A növünə (inzibati rəhbər vəzifələr) aid olan vəzifələr üzrə keçirilən test imtahanında 90 namizəd imtahanda iştirak edib, onlardan 13 nəfər tələb olunan keçid balını toplayaraq uğur qazanıb.

17 dekabr 2017-ci il tarixdə isə inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Bu sahədə aparılan işlərin nəticəsi olaraq, DİM-in təklifi əsasında, “Dövlət qulluğuna qəbul, dövlət qulluğunda fəaliyyətin davam etdirilməsi və dövlət qulluğu vəzifələrinin tutulması məqsədi ilə keçirilən test imtahanları üçün test nümunələrinin hazırlanması, ekspertizası, təsdiqi, test imtahanının təşkili, keçirilməsi, qiymətləndirmənin aparılması Qaydası”nda dəyişikliklər edilib. Dəyişikliklərdən biri də ondan ibarətdir ki, ali-beşinci kateqoriya dövlət orqanlarında yardımçı vəzifələr üzrə dövlət qulluğuna qəbul aparılmayacaq. Yəni dövlət orqanlarında yardımçı kargüzarlıq (katibə, kargüzar) və yardımçı texniki vəzifələr (sürücü, liftçi) üzrə qəbul test imtahanlarına əsasında aparılmayacaq.

Dövlət qulluqçularının maarifləndirilməsi işinin təşkili ilə bağlı məlumat verən sədr qeyd edib ki, bu sahədə Mərkəz tərəfindən “Hüquqpozmalarla bağlı məlumat verən şəxslərin müdafiəsi”, “Dövlət qulluğunda etik məsələlər üzrə təlimçilər üçün təlim”, “Dövlət qulluğunda etika”, “Korrupsiyaya qarşı mübarizə”, “Dövlət qulluğunda xidməti fəaliyyətin qiymətləndirilməsi” mövzularını əhatə edən təlimlər təşkil edilib və bu təlimlərin hər birində 100-ə yaxın dövlət qulluqçusu iştirak edib.

İclasda dövlət orqanlarında dövlət qulluğuna dair qanunvericiliyin tətbiqi vəziyyəti ilə bağlı aparılan araşdırmanın nəticələri ilə bağlı vurğulanıb ki, bəzi dövlət orqanlarında vakant vəzifə olduğu halda həmin vəzifələrin tutulması barədə müvafiq qərar qəbul edilməməsi və bu barədə Mərkəzə məlumat verilməməsi halları mövcuddur. Həmin dövlət orqanlarına aşkar edilmiş pozuntuların aradan qaldırılmasının təmin edilməsi üçün müvafiq məktublar göndərilib.

İclasda Azərbaycan Respublikası ilə Avropa İttifaqı (Aİ) arasında əməkdaşlıq alətlərindən biri – TAIEX layihəsi çərçivəsində ölkəmizdə səfərdə olan “DİM tərəfindən həyata keçirilən imtahanlarda “e-markinq” sisteminin tətbiqi ilə bağlı ekspert missiyasının yekun hesabatı”na toxunan sədr bildirib ki, hesabatda DİM-in imtahanlarda tətbiq etdiyi “e-markinq” sisteminin bir çox müsbət cəhətləri vurğulanıb və DİM-in olduqca yaxşı təşkilatlanmış qurum olduğu, fəaliyyət göstərdiyi 25 il ərzində müvafiq sahə üzrə kifayət qədər geniş həcmli işlərin həyata keçirildiyi, təhsilin müxtəlif pillələrinə qəbulun, o cümlədən ümumi təhsil pilləsində təhsilalanların yekun qiymətləndirilməsinin yüksək səviyyədə təşkil olunduğu qeyd edilib.

Görüşdə digər cari məsələlər də müzakirə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR