Səhiyyə Nazirliyində cərimələrdən toplanan vəsaitlərdən istifadə qaydası və maaşlarına əlavə veriləcək işçilərin siyahısı müəyyənləşib

Səhiyyə Nazirliyində cərimələrdən toplanan vəsaitlərdən istifadə qaydası və maaşlarına əlavə veriləcək işçilərin siyahısı müəyyənləşib
# 25 iyun 2015 10:40 (UTC +04:00)

Bakı. Ramiz Mikayıloğlu-APA. Nazirlər Kabineti “Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinə əsasən Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən toplanan və həmin orqanın hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nı və “Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı”nı təsdiq edib.

APA-nın məlumatına görə, Qayda səhiyyə sahəsində qanunvericiliyin pozulmasına görə İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən tətbiq edilən cərimələrdən (ödənilən cərimələrdən) toplanan və həmin nazirliyin xüsusi hesabına köçürülən vəsaitdən istifadə qaydasını müəyyən edir.

Ödənilən cərimələrdən daxil olan vəsaitin 25 faizi inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin sosial müdafiəsini gücləndirmək və maddi təminatını yaxşılaşdırmaq məqsədi ilə istifadə olunur. “Vəzifə (tarif) maaşlarına əlavə verilən işçilərin Siyahısı”da yer alan inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən Səhiyyə Nazirliyinin işçilərinin vəzifə (tarif) maşlarına əlavə veriləcək. Siyahıya inzibati xətalar haqqında işlər üzrə icraatı aparan Aparatın şöbə müdirləri, şöbə müdirlərinin müavinləri, sektor müdirləri, baş və böyük məsləhətçiləri, sanitar-epidemioloji nəzarət xidmətinin işçiləri, inzibati xəta haqqında protokol tərtib edən işçilər, icraatın aparılmasında iştirak edən digər işçilər daxildir.

Vəsaitin toplanması və təyinatı üzrə istifadə edilməsi məqsədi ilə Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyində Səhiyyə Nazirliyinin xüsusi hesabı açılır. Xüsusi hesabın maliyyə mənbəyini İnzibati Xətalar Məcəlləsinə əsasən Səhiyyə Nazirliyi tərəfindən baxılan və Səhiyyə Nazirliyi tərəfindən inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilən inzibati xətalar haqqında işlər üzrə ödənilən cərimələrdən toplanan vəsait təşkil edir. Köçürmələrin və bununla əlaqədar nəzarətin həyata keçirilməsi Səhiyyə Nazirliyi və Maliyyə Nazirliyi tərəfindən təmin olunur. Xüsusi vəsait Səhiyyə Nazirliyinin işçilərinin aylıq vəzifə maaşına əlavə olaraq ödənilir. Vəzifə maaşına əlavənin hesablanması ayda bir dəfə olmaqla həyata keçirilir və hər ayın sonunda ödənilir. Vəzifə maaşlarına əlavələr hər bir işçinin əməkhaqqı kartına köçürülür. Səhiyyə Nazirliyinin əməkdaşının tərtib etdiyi protokoldan daxil olan cərimənin 10 faizi onun vəzifə maaşına əlavə ediləcək. Qalan vəsait inzibati xətalar haqqında işlər üzrə icraatın aparılmasında iştirak edən digər işçilərin sayına bölünərək, onların vəzifə maaşına əlavə kimi ödəniləcək. Bu qərar imzalandığı gündən qüvvəyə minir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR