Özünü MTN-çi kimi təqdim edərək 1 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər ifadə verib

Özünü MTN-çi kimi təqdim edərək 1 milyon manatlıq dələduzluq edən qadının məhkəməsində zərərçəkmişlər ifadə verib
# 18 aprel 2017 12:56 (UTC +04:00)

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Aygün Akimova və İlham Baxışovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş Elçin Axundov bildirib ki, təqsirləndirilən Aygün Akimovanın rəfiqəsi Səbinəyə 39 min dollar və 11 min manat məbləğində borc pul verib: "Sonra mənə dedi ki, qohumlarım vəzifədə işləyir, səni vəzifəyə düzəldim. Bunun üçün tanışı olduğunu dedi. Sonra məni Aygün adlı şəxslə tanışdırdı, mənə işi o adam düzəldəcəkdi. Ancaq sonradan bunun yalan olduğunu bildim. Nərimanov rayonunda Səbinə və Aygünlə görüşdüm. Aygün özünü MTN-nin polkovniki təqdim elədi. Mənə dedi ki, pul başqa vəzifəli şəxslərə çatıb və qaytara bilməz".

E. Axundov A. Akimovanın həyat yoldaşının AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev olduğunu deyib.

A. Akimova isə bunu təkzib edib.

Digər zərərçəkmiş şəxs Afət Hüseynova qeyd edib ki, 2010-cu ildən A. Akimova ilə tanış olub: "Həmin vaxt biz dükan işlədirdik. Aygün Akimova bizdən 1000 manatlıq paltar alıb. Bir neçə dəfə bizdən böyük məbləğdə alver edib. Ancaq bir dəfə hansısa paltarın qiyməti ilə bağlı narazılıq yarandı və dükandan çıxıb gedib. Bu məlumat mənə çatanda, dedim ki, belə bir müştərini itirmək olmaz. Mən buna görə Aygünlə münasibət saxladım. Müəyyən müddət keçəndən sonra biz yaxın rəfiqə olduq, ona inandım. Özünü MTN əməkdaşı kimi təqdim edirdi, hər yerdə adamlarının olduğunu deyirdi. Bir gün mənə dedi ki, sistem işçisi olduğundan ona ticarətlə məşğul olmaq qadağandır. Təklif etdi ki, dükanı satıb, başqa yerdə alım. Sonra bu yolla evimi, maşınımı satdırdı və bütün pullarımı əlimdən aldı".

A. Akimova tərəfindən 789 min manat məbləğində dələduzluğa məruz qaldığını deyən A. Hüseynova qeyd edib ki, təqsirləndirilən şəxs öz əməllərini həyata keçirmək üçü ona gizlində psixotropik maddələr də verib.

Proses mayın 2-də davam etdiriləcək.

Qeyd edək ki, A. Akimova özünü sahibkarlara ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) məxfi agenti, vəzifəli şəxs kimi tanıtmaqla dələduzluq edib. Həmin cinayət işində onun İ. Baxşıyevlə əlbir olduğu bildirilir.

Onlar Cinayət Məcəlləsinin 178-ci (dələduzluq) maddəsi ilə ittiham olunurlar.

Xatırladaq ki, cinayət işi üzrə istintaqa şahid qismində AMAY ticarət mərkəzinin sahibi Abdulla Abdullayev də ifadə verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR