Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi ilə bağlı tədbir keçirilib

Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi ilə bağlı tədbir keçirilib
# 30 yanvar 2017 15:31 (UTC +04:00)

Bu gün Azərbaycan Dövlət Gömrük Komitəsinin yaranmasının 25 illiyi ilə bağlı geniş tədbir keçirilib.

APA-Economics”in məlumatına görə, bu münasibətlə gömrük xidməti orqanlarının əməkdaşları ilk olaraq Fəxri xiyabanda Heydər Əliyevin və akademik Zərifə Əliyevanın məzarını, həmçinin "Şəhidlər xiyabanı"nı ziyarət edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bildirib ki, 1991-ci il oktyabrın 18-də Azərbaycanda dövlət müstəqilliyinin bərpa olunması ilə ölkənin yeni gömrük sisteminin formalaşdırılması üçün də əlverişli tarixi şərait yaranıb. Onun sözlərinə görə, Dövlət Gömrük Komitəsi müstəqilliyin bərpasından cəmi üç ay sonra - 1992-ci il yanvarın 30-da yaradılıb: “O zaman dövlət quruculuğu sahəsində təxirəsalınmaz vəzifələrdən biri də ölkənin iqtisadi maraqlarının və mənafelərinin qorunması, səmərəli xarici-iqtisadi fəaliyyət və idxal-ixrac əməliyyatlarına dövlət nəzarət sisteminin yaradılması, sərhədlərin iqtisadi təhlükəsizliyinin təmin edilməsi idi. Qısa zaman kəsiyində ölkənin milli gömrük xidmətinin yaradılması və formalaşdırılması bütün kəskinliyi ilə qarşıda dururdu. Həmin illərdə Dövlət Gömrük Komitəsi yaradılsa da, lakin mürəkkəb ictimai-siyasi vəziyyət gömrük orqanlarının formalaşmasına imkan vermədi”.

A. Əlyev bildirib ki, Heydər Əliyev iqtisadi məsələlərə həsr edilmiş müşavirə və yığıncaqlarda, xüsusilə, 1997-ci il yanvarın 30-da Dövlət Gömrük Komitəsinin yaradılmasının 5-ci ildönümünə və gömrük əməkdaşlarının peşə bayramı gününə həsr edilmiş təntənəli yığıncaqdakı nitqində gömrük orqanlarının fəaliyyətini dəqiqliklə təhlil edərək, bu sistemdə yaranmış problemlərin həlli yolunun tələbkarlıq və nizam-intizam, peşəkarlıq mühitinin formalaşdırılması, kadrlarla işin yenidən qurulması, hər bir gömrük işçisinin öz dövlətinə sadiqlik prinsipinin əsas meyara çevrilməsi sayəsində mümkünlüyünü göstərib: “Azərbaycan prezidentinin 10 yanvar 1997-ci il tarixli sərəncamı ilə yanvarın 30-nun gömrük əməkdaşlarının peşə bayramı günü elan edilməsi də Heydər Əliyevin bu orqanın fəaliyyətinə verdiyi çox yüksək dəyərin əyani nümunəsi idi”

Komitə sədri vurğulayıb ki, bu gün Azərbaycan gömrük xidməti mükəmməl hüquqi bazaya, inkişaf etmiş infrastruktura malik olmaqla, ölkədə fiskal siyasəti uğurla həyata keçirir: “Komitə eyni zamanda hüquq-mühafizə orqanı olaraq qaçaqmalçılıq və digər hüquqpozma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirir. Həyata keçirilən islahatlar nəticəsində Azərbaycan gömrüyü keyfiyyətcə yeni inkişaf mərhələsinə daxil olub və onun müasir siması formalaşıb. Azərbaycanın dövlət büdcəsinin formalaşmasında Dövlət Gömrük Komitəsinin rolu mühüm dərəcədə artıb, gömrük işinin iqtisadi göstəriciləri də xeyli yüksəlib. Gömrük xidmətinin əsas funksiyalarından biri olan fiskal siyasətin həyata keçirilməsi istiqamətində görülən tədbirlərin nəticəsi olaraq büdcə daxilolmalarının həcmində hər il artım qeydə alınır”.

Sonra Belarus Macarıstan, Qazaxıstan, Gürcüstan, Rusiya və digər dövlətlərin göömrük orqanlarının rəhbər şəxsləri çıxış edərək Azərbaycan gömrük xidməti əməkdaşları bayram münasibəti ilə təbrik ediblər.

Sonra Azərbaycan prezidenti İlham Əliyevin sərəncamları ilə fəxri adlar və medallarla təltif edilmiş əməkdaşların adları oxunub, həmçinin Azərbaycan gömrük xidməti ilə sıx əməkdaşlığa görə bir neçə ölkənin gömrük orqanları əməkdaşlarına medallar verilib.

Sonda bir sıra KİV nümayəndələri Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin "Gömrük əməkdaşlığının möhkəmləndirilməsinə görə" döş nişanı ilə təltif ediliblər. Döş nişanı ilə təltif edilən 5 jurnalist arasında APA-nın əməkdaşı da var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR