“Neftçi” “Qəbələ” ilə qarşılaşacaq

“Neftçi” “Qəbələ” ilə qarşılaşacaq
# 28 sentyabr 2017 14:01 (UTC +04:00)

Azərbaycan Premyer Liqasında həftəsonu keçiriləcək VII tur oyunlarından sonra milli komandanın seçmə mərhələ matçları ilə əlaqədar fasilə yaranacaq. Apasport.az saytının məlumatına görə, “Neftçi” klubunun iki həftəlik fasilə dönəmindəki proqramı bəlli olub.

Mövsümə uğursuz start götürən paytaxt təmsilçisi hazırlığı İsmət Qayıbov adına təlim-məşq bazasında keçəcək. Sabah “İnter”lə üz-üzə gələcək “ağ-qaralar” 2 gün dincəldikdən sonra oktyabrın 2-də bir araya gələcək.

Baş məşqçi Tərlan Əhmədov bu müddətdə bir yoxlama görüşündə yetirmələrini sınamaq imkanı əldə edəcək. Bunu əməkdaşımızla söhbətində Əhmədov özü deyib. O, oktyabrın 7-də “Qəbələ” ilə üz-üzə gələcəklərini söyləyib: “İki həftəlik hazırlıq mərhələsində 1 oyun keçirməyi nəzərdə tutmuşuq. Bu dönəmdə ən önəmli çatışmazlığımız olan fiziki və taktiki hazırlığın üzərində işləyəcəyik. Çünki əsas problemlər burdan yaranır. Bizə gələn təhlillərdə görürük ki, bəzi epizodlarda fiziki cəhətdən çatdırmadığımız üçün qollar buraxırıq. Komanda oyunu daim yüksək tempdə saxlaya bilmir. Bu toplanışda da həmin problemləri həll etməyə çalışacağıq”.

Qeyd edək ki, sabah “İnter Arena”da keçiriləcək “İnter” – “Neftçi” qarşılaşması saat 16:00-da start götürəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR