Azərbaycanda bələdiyyələrin məcmu gəlirləri son bir ildə 23% artıb

Azərbaycanda bələdiyyələrin məcmu gəlirləri son bir ildə 23% artıb
# 11 oktyabr 2012 12:46 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev – APA-Economics. Cari ilin yanvar-iyun aylarında Azərbaycanda fəaliyyət göstərən 1 718 bələdiyyənin büdcəsinə ümumilikdə 16,755 mln. manatdan çox vəsait daxil olub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 23% çoxdur.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, bu vəsaitin 68%-i ilin II rübündə formalaşıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə Bakı və Naxçıvan MR-da yerləşən bələdiyyələr istisna olmaqla, ölkənin bütün iqtisadi regionlarında yerləşən yerli özünüidarəetmə orqanlarının gəlirlərində artım qeydə alınıb. İqtisadi regionlar arasında ən çox artım Gəncə-Qazax regionunda yerləşən bələdiyyələrin payına düşüb. Belə ki, bu regionun bələdiyyələri hesabat dövründə 2,037 mln. manat büdcə gəliri əldə ediblər ki, bu da əvvəlki ilin müvafiq göstəricilərinə nisbətən 60% çoxdur.

Bələdiyyələrin gəlirlərinin formalaşmasında əsas pay yerli özünüidarə orqanları üçün nəzərdə tutulmuş qeyri-vergi gəlirlərinə məxsusdur. Bu gəlir növünün yerli büdcələrdə payı 10,597 mln. manat və ya ümumi büdcənin 63%-dən çoxdur ki, bunun da 41%-ni bələdiyyə əmlakı və torpağın özəlləşdirilməsindən və icarəyə verilməsindən gələn gəlirlər təşkil edir.

Ötən ilin müvafiq dövrünə nisbətən bu ilin ilk yarısında bələdiyyə mülkiyyətinə daxil olan əmlakın istifadəsindən gəlirlər 3 dəfədən, sanatoriya-kurort, mehmanxana və turizmdən gəlirlər isə 2 dəfədən çox artıb. Lakin bu gəlir növlərinin bələdiyyə büdcələrində payları (müvafiq olaraq 0,1% və 0,7%) çox azdır.

Bələdiyyələrin ən çox problemli sahələrindən biri olan yerli əhəmiyyətli mədən vergisinin toplanmasında əvvəlki illərə nisbətən nəzərəçarpacaq irəliləyişlər olub. Belə ki, ölkə bələdiyyələri yerli əhəmiyyətli tikinti materialları üzrə mədən vergisindən 296,4 min manat vəsait cəlb ediblər ki, bu da ötən ilin müvafiq dövründə olan gəlirlərdən 73% çoxdur və ümumi büdcədə payı 1,8%-ə bərabərdir.

Ölkədə fəaliyyət göstərən yerli özünüidarəetmə orqanları bu ilin ilk yarısında formalaşdırdıqları 16,755 mln. manat vəsaitin 15,819 mln. manatını xərcləyib. Xərclənən büdcə formalaşan büdcənin 94%-i həcmindədir. Xərclərin 7,935 mln. manatı yerli özünüidarəetmə orqanlarının saxlanılmasına sərf edilib. Bu xərc maddəsinin ümumi büdcədə xüsusi çəkisi 50,2%-dir. Bundan başqa, xərclərin 4,228 mln. manatı mənzil-kommunal təsərrüfatına, 1,577 mln. manatı nəqliyat və rabitə, 1,577 mln. manatı isə yolların təmiri və saxlanılması xərcləridir. Son üç xərc maddəsi ümumilikdə yerli büdcədə 46% paya malikdir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR