“Həzi Aslanov” metro stansiyası yaxınlığında yaşayan vətəndaşlar prezidentə müraciət ediblər

“Həzi Aslanov” metro stansiyası yaxınlığında yaşayan vətəndaşlar prezidentə müraciət ediblər
# 24 iyun 2014 13:47 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakının Xətai rayonunun Məhəmməd Hadi küçəsində yaşayan vətəndaşlar “Həzi Aslanov” metro stansiyası yaxınlığında açılan yarmarkaya etiraz olaraq prezidentə müraciət ünvanlayıblar.

Sakinlərin APA-ya verdiyi məlumata görə, onlar ölkə başçısına ünvanladıqları müraciətlərində yarmarkanın təşkil olunduğu ərazidə çox böyük problemlərin yarandığını dilə gətiriblər: “Belə ki, yarmarkanın fəaliyyət göstərdiyi şənbə və bazar günləri üçün hazırlıqlar bir gün əvvəldən başlayır. Bu da Məhəmməd Hadi küçəsində nəqliyyatın hərəkətinin tam dayanmasına səbəb olur. Nəticədə minlərlə vətəndaşın gediş-gəlişi üçün ciddi problemlər yaranır. Sözügedən küçənin sakinlərinin isə problemləri daha ciddidir. Səs-küydən, anti-sanitariyadan evimizdə otura bilmirik. Gecələr bazarda satış həyata keçirən şəxslərin bir-biri ilə mübahisəsindən, söyüşlərindən, maşınların səsindən ciddi şəkildə narahatlıq keçiririk. Yarmarka yığışdırıldıqdan sonra isə yaranan antisanitariya ətraf mühiti çirkləndirməklə yanaşı, ərazinin zibillənməsinə səbəb olur. Bu da ətraf binalarda yaşayan sakinlərə əlavə problemlər yaradır”.

Sakinlər müraciətdə ölkə başçısından kömək istəyiblər: “Ümidimiz Sizədir, cənab prezident! Biz sakinlərin səsini ancaq Siz eşidə bilər, üzləşdiyimiz çətinliyin aradan qaldırılmasına yalnız Siz göstəriş verə bilərsiniz. Bir daha xahiş edirik ki, həmin yarmarkanın yığışdırılması və daha münasib yerə köçürülməsi üçün, aidiyyəti qurumlara göstəriş verəsiniz”.

Xətai Rayon İcra Hakimiyyəti başçısının müavini Zaməddin Əkbərov isə APA-ya açıqlamasında həmin sakinlərin etirazlarını anlamadığını deyib: “Sözügedən yarmarkanı Kənd Təsərrüfatı Nazirliyi təşkil edib. Orada 21 metr enində çadır qurulub və həmin çadırın altından iri tonnajlı maşınlar belə keçə bilər. Yarmarka yalnız şənbə və bazar günləri fəaliyyət göstərir. Digər günlər orada heç kim heç nə sata bilməz. Yarmarkanın fəaliyyət göstərdiyi ərazi də zibil qutuları ilə təmin edilib. Hər şey tam nəzarət altındadır. Bu yarmarka elə yerli əhali üçün təşkil olunub. Onların etirazını isə başa düşə bilmirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR