® Qüdrət Həsənquliyev: “İnsanlara problemləri necə həll edəcəyimizin yollarını deməliyik”

<font color=red>® </font>Qüdrət Həsənquliyev: “İnsanlara problemləri necə həll edəcəyimizin yollarını deməliyik”
# 25 sentyabr 2013 11:53 (UTC +04:00)

APA-nın xəbərinə görə, partiyanın mətbuat xidmətinə açıqlama verən BAXCP sədri diqqətli seçicilərin nə baş verdiyinin fərqində olduqlarını vurğulayıb: “Artıq təbliğat kampaniyası başlayıb və diqqətli seçicilər hiss edirlər ki, orada şəxsi mənada incik düşən və buna görə də həddindən artıq aqressiv çıxış edən Cəmil Həsənli var – o, Milli Şuranı təmsil edir. Hamı da bilir ki, Milli Şura Rusiyanın layihəsi idi. Rusiya Azərbaycana təzyiq etmək üçün bu layihədən çox məharətlə istifadə etdi və o da bəlli oldu ki, hakimiyyətə gəlmək istəyən bu qüvvələr nəinki Rusiya, hətta şeytanla da əməkdaşlıq etməyə hazırdırlar. Digər namizədlər də var ki, onlar yalnız pafosla problemlərdən danışırlar. Amma bu problemlərin həlli yollarını heç kim göstərmir. Biz seçkidə iştirak edən yeganə partiyayıq ki, ölkədə vətəndaşları narahat edən problemlərin köklü həlli yolunu yalnız ölkədə konstitusion islahatların aparılmasında görürük. Ona görə ki, real hakimiyyət bölgüsünə nail olmaq üçün Konstitusiya islahatları aparılmalı, məhkəmə hakimiyyətinin müstəqilliyi təmin olunmalı, çoxpartiyalı sistem güclənməlidir. Bununla yanaşı, biz həm də təklif edirik ki, ümumiyyətlə, istənilən xalqın inkişafını şərtləndirən 2 böyük faktor var. Onlardan biri təhsildir, biri səhiyyə. Biz təhsildə islahatlar təklif edirik və bunlar kifayət qədər vaxtı çatmış islahatlardır. Hesab edirik ki, xüsusi təyinatlı akademiyalar istisna olmaqla bütün dövlət universitetləri özəlləşdirilməlidir. Bunun nəticəsində də həmən özəl universitetlər büdcəyə vəsait ödəməlidir. Büdcəyə ödənən vəsait hesabına biz orta məktəblərdə müəllimlərin əməkhaqlarını 600 manatdan 1000 manata qədər qaldıra bilərik. Uşaqlarının təhsil haqqını ödəyə bilməyən imkansız ailələr üçün də uzunmüddətli təhsil kreditləri olacaq. Bu kreditlər ən azı 25 il müddətinə veriləcək. Tələbələr sonradan, işlədiyi dövr ərzində bu kreditləri qaytaracaqlar. Bu da stimul verəcək ki, həmən tələbələr daha yaxşı oxusunlar, yaxşı mütəxəssis olsunlar və gələcəkdə yüksək əməkhaqqı olan işlərdə çalışsınlar ki, bu vəsaiti qaytarsınlar. Bax, biz hələlik seçki platformamızın bu 3 əsas aparıcı istiqaməti ilə bağlı cəmiyyətə 4 debatda məlumat vermişik. Növbəti debatlarda yəqin ki, növbəti ciddi məsələlərə toxunacağıq. Qarabağ probleminin həlli ilə bağlı öz fikirlərimizi bildirəcəyik. İqtisadi islahatların ölkədə hansı formada aparılması, sosial siyasətin necə qurulması ilə bağlı fikirlərimizi deyəcəyik. Yəni bizim ölkəni necə dəyişmək istədiyimizlə bağlı aydın proqramımız var. Problemləri sadalamaq çox asandır. Sadalayırsan, vəssalam. Adətən problemləri sadalayanlar heç o problemləri yaşamırlar da. Amma sadə insanlarımız o problemləri yaşayırlar və o problemlərin nədən ibarət olduğunu daha yaxşı bilirlər. Biz sadə insanlara problemləri necə həll edəcəyimizin yollarını deməliyik. Məsələn Cəmil Həsənli keçən dəfə deyir ki, Qarabağ problemi 20 ildir həll olunmur. Amma necə həll edəcəyini demir. Mən də dedim ki, hamı bilir də, görür ki, torpaqlarımız işğal altındadır və problem öz həllini tapmır. Siz deyin ki, gəlib necə Qarabağı azad edəcəksiniz? Bu barədə bir kəlmə də demir. Ancaq ittihamlar... Ola bilsin ki, uzun illər ərzində insanlara aşılanıb ki, elə müxalifət yalnız problemlərdən danışmalı, ittiham etməlidir. Amma biz insanlarımıza deyirik ki, biz düşüncəmizi, həyatımızı, ölkəmizi dəyişməliyik. Təqdim etdiyimiz islahatlar vasitəsilə. Sentyabrın 27-də saat 16:00-da Yasamal Rayon İdman-Sağlamlıq Kompleksinin stadionunda keçirəcəyimiz mitinqdə seçki platformamızın bütün tezisləri haqqında seçicilərə ətraflı məlumat verəcəyik.

Cəmil Həsənlinin yanında, qadınların, uşaqların qarşısında necə təhqiramiz fikirlər, əxlaqdan kənar mövqe ortaya qoyuldu. Amma cəsarəti çatdımı onlara cavab versin? Səhər o insanları - həmən o Rəsul Quliyevi, yanında bir Əvəz Temirxanı olan Lalə Şövkəti idarə edə biləcəkmi? Yox. Amma di gəl ki, onun hikkəsi, iddiası dünyaya sığmır. Əli Kərimlini necə, idarə edə biləcək Cəmil Həsənli? Yox. İsa Qəmbəri idarə edə biləcək? Yox. Bu adamların özlərindən çox-çox böyük iddiaları və hikkələri var. Belə insanlarla onun qurduğu hökumət insanları hara aparacaq? Uçurumun dibinə. Görün, hələ indi onların səlahiyyətləri yoxdur, amma yenə bir-birinə qarşı hansı ağır ittihamlar səsləndirirlər. Biri digərinə “tula” deyir, “çaqqal” deyir, ünvanına təhqiramiz ifadələr işlədir. Bir-birini xəyanətdə, bacarıqsızlıqda ittiham edirlər. Görün, səlahiyyətləri olsa, nə edərlər. Bu baxımdan düşünürəm ki, seçicilər qutu başına emosiya ilə yox, sağlam düşüncə ilə gedəcəklərsə, bizim çox ciddi uğur qazanmaq imkanımız olacaq. Yox, yenə də dediyim kimi, emosiya altında, bax, “filankəs yaxşı söydü” deyib, məsələyə bu cür primitiv formada yanaşıb seçkiyə qatılacaqlarsa, əlbəttə, bizim acı təəssüf hissi keçirməkdən başqa çarəmiz qalmayacaq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR