Zakir Həsənov cəbhə zonasında yerləşən rayonların icra başçıları ilə birgə müşavirə keçirib

Zakir Həsənov cəbhə zonasında yerləşən rayonların icra başçıları ilə birgə müşavirə keçirib
# 12 sentyabr 2015 16:14 (UTC +04:00)

Bakı - APA. Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş komandanı İlham Əliyevin tapşırığına əsasən sentyabrın 12-də Komanda Qərargah Hərbi Oyunlarının keçirildiyi səhra şəraitində Müdafiə Nazirliyi ilə cəbhəboyu zonada yerləşən rayonların icra hakimiyyəti başçılarının birgə müşavirəsi keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, “Cəbhəboyu zonada yerləşən hərbi hissə komandanlıqları və yerli icra hakimiyyəti orqanlarının müdafiə və təhlükəsizlik məsələləri üzrə qarşlıqlı əlaqələrinin təşkili” mövzusunda keçirilən toplantıda mövcud vəziyyət, qanunvericilik və digər rəhbəredici sənədlərlə tənzimlənən bəzi əsas tələblər, müharibə şəraitində qurumların məsuliyyəti, vəzifələri, tapşırıqları və digər vacib məsələlər müzakirə edilib.

Müdafiə naziri general-polkovnik Zakir Həsənov Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında xalqla ordunun birliyinin daha da möhkəmlənməsini xüsusi vurğulayaraq uğurla davam edən irimiqyaslı təlimlərin gedişi barədə ətraflı məlumat verib.

Müşavirədə cəbhədəki real vəziyyət təhlil edilərək gərginliyin artması zamanı yarana biləcək təhdid və riskləri qabaqlamaq məqsədilə müəyyən problemlər və onların həllinin tapılması istiqamətində birgə müzakirənin keçirilməsinin zəruriliyi vurğulanıb. Qeyd edilib ki, şəxsi heyətin və cəbhəboyu zonada yaşayan əhalinin, sənaye, təsərrüfat, o cümlədən kommunikasiya qovşaqlarının və digər əhəmiyyətli obyektlərin mühafizəsi, qorunması, müdafiəsi və təhlükəsizliyinin təmin olunması qarşıda duran əsas vəzifələrdəndir.

Son vaxtlar təmas xəttində vəziyyətin gərginləşməsinə baxmayaraq Silahlı Qüvvələrin şəxsi heyətinin düşmən təxribatlarının qarşısını alaraq ona ciddi zərbələr vurması, eləcə də ordumuza hər zaman dayaq olan yerli əhalinin fədakarlıq və dözüm nümayiş etdirməsi təqdirəlayiq hal kimi qiymətləndirilib.
Birlik komandirləri yerli icra strukturları ilə sıx əlaqələr yaratdıqlarından, bu işin şəxsi heyətin döyüş və mənəvi-psixoloji hazırlığının yüksəldilməsindəki əhəmiyyətindən, eləcə də həlli vacib olan bəzi problemlərdən danışaraq bunların tezliklə aradan qaldırılması yollarını müzakirə ediblər.
Müşavirədə Füzuli, Daşkəsən, Ağdam, Tətrər, Beyləqan, Ağcabədi, Şəmkir, Xocavənd, Gədəbəy və digər rayon icra hakimiyyəti başçıları çıxış edərək rayon ictimaiyyətinin ordu ilə əlaqələrindən bəhs edib, bundan sonra da müdafiə və təhlükəsizlik tədbirlərinin təşkilində yaxından iştirak edəcəklərini, Azərbaycan prezidentinin tələb və göstərişlərini layiqincə yerinə yetirəcəklərini və hər zaman ordu ilə birlikdə Ali Baş Komandanın əmrlərinə hazır olacaqlarını bildiriblər.
Müdafiə naziri müşavirədə iştirak etdiklərinə görə icra başçılarına minnətdarlıq edərək bu kimi tədbirlərin davamlı olacağına əminliyini bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR