Beynəlxalq Qızıl Xaç Komitəsi 150 illik yubileyini qeyd edib

Beynəlxalq Qızıl Xaç Komitəsi 150 illik yubileyini qeyd edib
# 19 fevral 2013 14:05 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) fevralın 17-də fəaliyyətinin 150-ci ildönümünü qeyd edib.

BQXK-nın Azərbaycan nümayəndəliyindən APA-ya verilən xəbərə görə, qurum bu günü milyonlarla insanın əzab-əziyyətini yüngülləşdirmək və silahlı münaqişənin təsirlərindən əziyyət çəkən saysız-hesabsız insanların həyat şəraitini yaxşılaşdırmaq cəhdlərinin əsasının qoyulduğu gün kimi qeyd edir.

BQXK prezidenti Piter Maurer yubileylə əlaqədar qeyd edib ki, insanların Suriya, Mali, Konqo və dünyanın müxtəlif yerlərində müharibədən əziyyət çəkdiyi bir zamanda BQXK öz humanitar missiyasını davam etdirməyə əvvəlkindən də qətiyyətlidir: “Bu ildönümü bizə keçmişimizə tənqidi nəzər salmaq, həmçinin silahlı münaqişələrin və digər zorakılıq hallarının qurbanlarının rifahını yaxşılaşdırmağa kömək etmiş güclü tərəflərimiz haqqında daha çox öyrənmək imkanı verir. Bu gün çox vacibdir ki, biz öz prinsiplərimizə yalnız sadiq qalmayaq, həm də yardıma ehtiyacı olan insanlara daha yaxşı xidmət göstərmək üçün yeni daha effektiv yollar axtaraq. Biz səylərimizi ikiqat artırmalıyıq ki, hər kəs humanitar fəaliyyətimizin neytral, bitərəf və müstəqil təbiətini anlasın".

P.Maurer bildirib ki, BQXK-nın və digər humanitar təşkilatların üzləşdiyi ən böyük çətinlik silahlı münaqişələrdə iştirak etməyən insanlara, məsələn, uşaqlara, yaralılara və ya xəstələrə, yaxud saxlanılmış şəxslərə qarşı zorakılığı qadağan edən beynəlxalq humanitar hüququn normalarına əməl edilməməsidir: “Həm dövlətin, həm də silahlı qruplaşmaların mülki əhalinin qorunmasını və beynəlxalq humanitar hüququn digər normalarına əməl edilməsini təmin etməsi üçün güclü siyasi iradəyə ehtiyac heç vaxt bu qədər böyük olmayıb".

BQXK rəhbəri deyib ki, hazırda qurumun gündəlik fəaliyyət sahələrinin geniş təsir dairəsi var. BQXK nümayəndələri Quantanamoda saxlanılan məhbuslara baş çəkərkən, Kolumbiyada girovların azad olunmasına kömək edərkən, Əfqanıstan əhalisi üçün tibbi xidmətə təhlükəsiz çıxışı təmin edərkən, yarım milyon əhalisi olan Qoma şəhərində elektrik və su təchizatı şəbəkələrini işlək vəziyyətdə saxlayarkən və eyni zamanda lazımi texniki xidməti göstərərkən bir çox insanların həyatına birbaşa və uzunmüddətli təsir göstərirlər: “Anri Dünanın Qızıl Xaçın yaradılması barəsində ideyası nəinki zamanın imtahanından keçdi, həm də bu illər ərzində daha da inkişaf etdi. Son yarım əsr ərzində siyasi maneələr, maliyyə çətinlikləri, mədəniyyətlərarası dialoq baryerləri, çoxlu sayda digər maneələrlə, hətta işçi heyətinə qarşı edilən hücumlarla üzləşməsinə baxmayaraq, BQXK ehtiyacı olan insanlara həyati əhəmiyyətli humanitar yardımı və müdafiəni təmin edə bilib. BQXK indi 90-dan çox ölkədə fəaliyyət göstərir və 100-dən çox milliyyətə mənsub 13 000 işçisi var”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR