Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrdə araşdırma aparmışlar

Ombudsman Aparatının əməkdaşları penitensiar müəssisələrdə araşdırma aparmışlar
# 14 noyabr 2013 12:18 (UTC +04:00)

Bakı – APA. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanovaya müraciət etmiş şəxslərlə görüşmək məqsədilə Ombudsman Aparatının əməkdaşları Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 3 saylı İstintaq Təcridxanasında, 16 saylı cəzaçəkmə müəssisəsində (CM) və 7 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsində olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı Ombudsmanın nümayəndələri adı çəkilən müəssisələrdə saxlanılan şəxslərin saxlanılma şəraiti və onlara qarşı rəftarla bağlı mövcud vəziyyəti öyrənib, Ombudsmanın səlahiyyətlərini izah etmiş, şikayətlər diqqətlə dinlənilib.

Hər üç müəssisədə, o cümlədən 16 saylı CM-in cərimə təcridxanasında qəbul edilmiş 30 nəfərədək şəxslə fərdi qaydada aparılan söhbət zamanı onlar saxlanılma şəraiti və müəssisə əməkdaşlarının rəftarı ilə bağlı narazılıqlarını bildirməyiblər.

16 saylı CM-in cərimə təcridxanasında standartlara uyğun yeni iki kameranın istifadəyə verilməsi müsbət hal kimi qiymətləndirilib.

Eyni zamanda 3 saylı İstintaq Təcridxanasında saxlanılan bir sıra şəxslər barələrində olan cinayət işləri üzrə istintaqın qeyri-obyektiv aparılmasından, 16 saylı CM-dəki məhkumlar isə barələrində çıxarılmış məhkəmə qərarlarından narazılıqlarını bildiriblər.

Başçəkmənin nəticələri və saxlanılma şəraitinin daha da təkmilləşdirilməsi ilə bağlı hər üç müəssisənin rəhbərlərinə müvafiq tövsiyələr verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR