Tiflisdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirilib - FOTO

Tiflisdə 20 Yanvar faciəsinin ildönümünə həsr olunan anım tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 20 yanvar 2014 15:50 (UTC +04:00)

Gürcüstan. Nizami Məmmədzadə-APA. Bu gün Gürcüstan paytaxtında fəaliyyət göstərən Mirzə Fətəli Axundov adına Mədəniyyət Muzeyində Azərbaycanın Gürcüstandakı səfirliyinin təşəbbüsü və ARDNŞ-in Gürcüstan nümayəndəliyinin dəstəyi ilə 1990-cı ilin 20 yanvar hadisələri zamanı həlak olan insanların xatirəsinə həsr olunan anım tədbiri keçirilib.

APA-nın Gürcüstan bürosunun məlumatına görə, tədbiri mədəniyyət muzeyinin direktoru Leyla Əliyeva açaraq 24 il bundan əvvəl baş verən faciənin bəşəriyyətə qarşı yönəldildiyini bildirib.

Azərbaycanın Gürcüstandakı səfiri Azər Hüseyn çıxışında 24 il bundan əvvəl Azərbaycan xalqının öz azadlığı və müstəqilliyi uğrunda mübarizə apardığını bildirib: “Bu gün bizim tariximizdə qəhrəmanlıq günüdür, müstəqillik və azadlıq yoludur. Sovet Ordusu Bakıda müstəqillik uğrunda təşkil olunan sülh aksiyasına qarşı güclü silahla təzyiq göstərib. 1989-cu ilin 9 aprelində hərbi maşınlar Tiflisdə də sülh tərəfdarlarını və separatizmə qarşı yüksələn səsi boğdular. 20 Yanvarda 6 nəfər Gürcüstan vətəndaşı olan soydaşımız da həlak olub. 20 Yanvar faciəsində verdiyimiz qurbanlar bahasına azadlıq və müstəqilliyimizə nail olduq. İndi isə qarşımızda bir məqsəd var - işğal olunan torpaqlarımızı azad etmək”.

Tədbirdə Suxumi Dövlət Universitetinin professoru, tarix elmləri doktoru Quram Marxuliya, Gürcüstan parlamentinin deputatı Azər Süleymanov, Gürcüstan insan haqları müdafiə komitəsinin üzvü Teymuraz Lomsadze, jurnalist Emin Mahmudov, Gürcüstan Bəstəkarlar İttifaqının sabiq sədri Vaja Azaraşvili, Gürcüstan Aşıqlar Birliyinin sədri Osman Əhmədoğlu və başqaları çıxış edərək sovet ordusunun təcavüzlərindən danışıblar.

Tədbirdə gürcü və azərbaycanlı ziyalılar, Türkiyə və Azərbaycan səfirliyinin və digər ölkələrin hərbi attaşeləri, səfirlik əməkdaşları, diplomatik korpus təmsilçiləri, ARDNŞ-in əməkdaşları, QHT nümayəndələri, gürcü ictimaiyyətinin nümayəndələri, jurnalistlər iştirak edib.

Tədbirdən sonra Azərbaycan səfiri Azər Hüseyn və Gürcüstan parlamentinin vitse-spikeri Zurab Abaşidze Tiflisdə keçmiş parlament binasının qarşısındakı 9 Aprel faciəsi abidəsinin önünə əklil qoyublar. Tədbirdə Gürcüstan parlamentinin azərbaycanlı deputatları da iştirak edib.

Gürcüstan parlamentinin vise-spikeri Zurab Abaşidze jurnalistlərə açıqlamasında Azərbaycan dövləti və xalqın kədərinə şərik olduğunu bildirib: “Mən Azərbaycan dövlətinin və onun xalqının 24 il bundan əvvəl baş verən hadisə ilə bağlı böyük kədərinə şərik oluram. Bizim ən başlıca birliyimiz ondadır ki, bizim ümumi ağrımız var. Azərbaycanda baş verən faciə 9 Apreldə Gürcüstanda yaşanıb. Mən faciə ilə bağlı Azərbaycan xalqına başsağlığı verirəm. Ümid edirik ki, heç zaman belə hadisələr bizim dövlətlərdə baş verməyəcək”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR