Nazir: “İşğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti həm Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir”

Nazir: “İşğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti həm Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir”
# 18 aprel 2014 09:17 (UTC +04:00)

Bakı. Cavid Zeynalov – APA. “Dağlıq Qarabağ ərazisində olan tarixi abidələrin taleyi bu gün də əsas müzakirə mövzusudur. Həmin ərazidə olan tarixi abidələrə bizim nəzarətimiz mövcud deyil. Hərbi münaqişə başa çatmayınca, sözsüz ki, bu tarixi abidələrin üzərindəki kölgələr davam edəcək”.

APA-nın məlumatına görə, bunu Bakıda Beynəlxalq abidələr və Tarixi Yerlər Günü münasibətilə İCOMOS Azərbaycan Milli Komitəsinin təsisi üzrə Təşəbbüs Toplantısında Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev deyib. Nazir bildirib ki, beynəlxalq ictimaiyyət həmin tarixi abidələrin taleyindən xəbərdardır: “Azərbaycan qeyri-maddi mənəvi irsin qorunmasında UNESCO, Avropa Şurası və başqa beynəlxalq təşkilatlarla əməkdaşlıq edir. Bir neçə dəfə Azərbaycana işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti ilə məşğul olan beynəlxalq qurumu dəvət etmişdik. Lakin işğalçı dövlət olan Ermənistanın qeyri-konstruktiv mövqeyinə görə bu planlar həyata keçmədi. Həm Birləşmiş Millətlər Təşkilatı, həm də UNESCO səviyyəsində işğal olunmuş torpaqlarda tarixi abidələrin vəziyyəti daim qaldırılır. Bu, aktual məsələdir və daim bizim gündəliyimizdədir. Mətbuatda yayılan məlumatlardan görürük ki, işğal olunmuş torpaqlarda olan tarixi abidələrin vəziyyəti nəinki Azərbaycanı, həm də dünya ictimaiyyətini narahat edir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR