Masallıda 40 sahibkara 530 min manat güzəştli kredit verilib

Masallıda 40 sahibkara 530 min manat güzəştli kredit verilib
# 15 noyabr 2013 11:01 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Sahibkarlığa Kömək Milli Fondunun (SKMF) «Sahibkarlığın inkişafına dövlət dəstəyi» mövzusunda növbəti tədbiri bu gün Masallı rayonunun Ərkivan kəndində keçirilib.

İqtisadiyyat və Sənaye Nazirliyindən «APA-Economics»ə verilən məlumata görə, tədbir çərçivəsində Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən 40 sahibkara 529,5 min manat güzəştli kredit verilib. Bu kreditlər hesabına maliyyələşdirilən layihələrin həyata keçirilməsi 70-ə yaxın yeni iş yerinin açılmasına imkan verəcək.

Bu gün 90-a yaxın sahibkarın iştirakı ilə keçirilmiş tədbir çərçivəsində rayonun iqtisadi potensialının reallaşdırılması istiqamətində sahibkarlarla müzakirələr aparılıb, Masallıda prioritet hesab olunan kiçik və ya orta həcmli çörək istehsalı, kiçik cins heyvandarlıq və istixana təsərrüfatlarının və tikinti materiallarının istehsalı müəssisəsinin yaradılması üzrə hazırlanmış nümunəvi investisiya layihələri və metodiki materiallar sahibkarlara təqdim olunub.

Fondun icraçı direktoru Şirzad Abdullayev qeyd edib ki, bu ilin ötən dövrü ərzində SKMF-in vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 3 935 investisiya layihəsinin maliyyələşdirilməsinə 263,6 mln. manat güzəştli kredit verilib. Onun sözlərinə görə, bu kreditlər hesabına 11 mindən çox yeni iş yerinin yaradılması nəzərdə tutulur: «İndiyədək Lənkəran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 1 522 investisiya layihəsinin maliyyələşdirilməsinə 68 mln. manat güzəştli kredit verilib. Verilmiş güzəştli kreditlər 10 minə yaxın yeni iş yerinin yaradılmasına imkan verir».

«Sahibkarlığın inkişafına dövlət dəstəyi» tədbiri çərçivəsində Masallıda dövlətin güzəştli krediti ayrılmış mebel istehsalı müəssisəsi, 3 ha ərazidə yaradılmış faraş tərəvəz məhsulları istehsal edən istixana təsərrüfatının fəaliyyətinə və 2 ha ərazidə yaradılmaqda olan istixana təsərrüfatında aparılan tikinti-quraşdırma işlərinə baxış keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR