Qənirə Paşayeva orqan köçürülməsinin ƏDV-dən azad edilməsini təklif edib

 Qənirə Paşayeva orqan köçürülməsinin ƏDV-dən azad edilməsini təklif edib
# 16 may 2014 13:51 (UTC +04:00)

Bakı. Mübariz Aslanov – APA. Millət vəkili Qənirə Paşayeva Milli Məclisin bugünkü iclasında orqan köçürülməsinin ƏDV-dən azad edilməsini təklif edib. APA-nın məlumatına görə, deputat bildirib ki, qaraciyər, böyrək əməliyyatları da daxil olmaqla, transplantalogiya əməliyyatları bahadır və təkcə qaraciyər köçürülməsi əməliyyatı 45-50 min, böyrək köçürmə əməliyyatı 1-12 min manat arasındadır və bu qiymətlər aşağı və orta əmək haqqı alan Azərbaycan vətəndaşı üçün həddən artıq bahadır.

Q. Paşayeva deyib ki, dünyanın hər yerində, o cümlədən Azərbaycanda da bu əməliyyatların baha olduğunu nəzərə alaraq, eyni zamanda icbari tibbi sığortanın tətbiqinə hələ nail ola bilmədiyimizə görə transplantologiya əməliyyatlarının əlavə dəyər vergisindən (ƏDV) azad edilməsi müsbət addım olardı: “Bu insanların sayı o qədər çox deyil ki, dövlət büdcəsi üçün orqan köçürülməsinin əlavə dəyər vergisindən azad edilməsi böyük problem yaratsın. Amma 18 faiz əlavə dəyər vergisinin götürülməsi əməliyyatların qiymətini kifayət qədər aşağı sala bilər ki, bu da əməliyyata təcili ehtiyacı olan ailələr üçün böyük dəstək olardı. Məsələn, vətəndaş üçün 45 min manata başa gələn qaraciyər əməliyyatı 18% ƏDV-dən azad edilərsə, onun qiyməti xeyli azalar”.

Q. Paşayeva bu məsələnin öz həllini tapması üçün müvafiq qurumların məsələyə həssas yanaşacağına inandığını söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR