Xələf Xələfov Pakistanın “Yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu milli idarəetmə kursu”nun iştirakçılarını qəbul edib

Xələf Xələfov Pakistanın “Yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu milli idarəetmə kursu”nun iştirakçılarını qəbul edib
# 25 noyabr 2013 14:30 (UTC +04:00)

Bakı – APA. Azərbaycan xarici işlər nazirinin müavini Xələf Xələfov Pakistan İslam Respublikasının “Yüksək səviyyəli vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş 99-cu milli idarəetmə kursu”nun iştirakçılarını qəbul edib. XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, milli idarəetmə kursu Pakistanın dövlət qulluğunda çalışan yüksək vəzifəli rəsmi şəxslərin regional və qlobal məsələlər barəsində biliklərinin və qərar qəbuletmə qabiliyyətlərinin artırılması üçün nəzərdə tutulub.

X. Xələfov Azərbaycan-Pakistan siyasi əlaqələrinin yüksək inkişaf səviyyəsinə və dərin tarixi və mədəni-dini köklərə malik olduğunu qeyd edərək, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olduğunu vurğulayıb. İkitərəfli və çoxtərəfli əsasda və parlamentlərarası əlaqələr səviyyəsində ölkələr arasında əməkdaşlığın uğurla inkişaf etdiyini deyən nazir müavini beynəlxalq təşkilatlar çərçivəsində Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycanın ədalətli mövqeyini qətiyyətlə dəstəklədiyinə və Pakistan parlamentində Xocalı soyqırımının tanınması ilə əlaqədar qəbul edilmiş qətnaməyə görə Pakistan tərəfinə təşəkkürünü bildirib.

X. Xələfov Azərbaycanın xarici siyasət strategiyasının təməl prinsipləri və prioritet istiqamətləri, Ermənistanın Azərbaycana qarşı təcavüzü və onun doğurduğu fəsadlar, münaqişənin həlli üzrə danışıqlar prosesi, Azərbaycanın qlobal və regional siyasətdə oynadığı rol, enerji siyasəti və BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülh və təhlükəsizliyə, sivilizasiyalar və mədəniyyətlərarası dialoqa töhfələri barəsində ətraflı danışıb və kurs iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR