Qüdsi Osmanov: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına ehtiyac var”

Qüdsi Osmanov: “Rusiya ilə Azərbaycan arasında iqtisadi əlaqələrin inkişafına ehtiyac var”
# 02 aprel 2014 11:45 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. “Bu gün Rusiya ilə Azərbaycan arasında ikitərəfli iqtisadi əlaqələrin inkişafına ehtiyac var. Rəsmi Moskva hər zaman bu əlaqələrin qurulmasında istəkli olub. Bunu Rusiya əyalət rəhbərlərinin Azərbaycana səfərlərində də şahidi oluruq”. “APA-Economics”in məlumatına görə, bunu bu gün Bakıda keçirilən Moskva və Bakı şəhərlərinin qarşılıqlı iqtisadi münasibətlərinin inkişafına həsr olunmuş mətbuat konfransında Azərbaycanın Rusiyadakı səfirinin iqtisadi əlaqələr üzrə müavini Qüdsi Osmanov deyib.

Onun sözlərinə görə, artıq 4 ildir keçirilən Rusiya-Azərbaycan iqtisadi forumu Rusiya prezidenti Vladimir Putinin Regional İnkişaf Nazirliyinə (RİN) verdiyi tapşırıq əsasında baş tutur: “Bu forum çərçivəsində rəsmi Moskva Azərbaycanda həm bu cür geniş tədbirlərin keçirilməsinə, həm də region rəhbərlərinin, o cümlədən bu ölkədə fəaliyyət göstərən biznes şirkətlərinin rəhbərlərinin tədbirlərdə iştirakı təmin edilməsinə çalışır”.

Q. Osmanov deyib ki, Rusiya RİN-nin müavini Sergey Nazarov, bu günlərdə bu tədbirlərlə bağlı Azərbaycanın Rusiyadakı səfirliyində geniş tərkibli görüş keçirib: “Nazirlik rəhbərliyi Azərbaycanla iqtisadi əlaqələrin inkişaf etdirilməsində maraqlı olduqlarını səfirliyimiz vasitəsilə rəsmi Bakının diqqətinə çatdırdılar”.

O bildirib ki, Rusiyanın biznes şirkətlərinin və ayrı-ayrı iş adamlarının Azərbaycanla iqtisadi və ticarət əlaqələrinin inkişaf etdirilməsində maraqlıdırlar: “Onlar əlaqələrin inkişafında böyük potensialın olduğunu nəzərə alaraq, Azərbaycana səfər etmək və iş adamlarımızla tanış olmaq istəyirlər. Azərbaycan prezidenti də Rusiyanın regionları ilə ölkəmiz arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün şəraitin yaradılması ilə bağlı tapşırıqlar verib. Bu şəraitin də yaradılması üçün çox sayda saziş və memorandumlar bağlanıb. Bunlar da imkan verir ki, tərəflər arasında əlaqələr daha da inkişaf etdirilsin”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR