“Güney azərbaycanlı siyasi məhbusların aclıq aksiyası və onun İranda ictimai-siyasi duruma təsiri” mövzusunda dəyirmi masa keçirilib

“Güney azərbaycanlı siyasi məhbusların aclıq aksiyası və onun İranda ictimai-siyasi duruma təsiri” mövzusunda dəyirmi masa keçirilib
# 03 avqust 2013 11:48 (UTC +04:00)

APA-nın məlumatına görə, tədbirdə QHT rəhbərləri, Azərbaycandakı siyasi partiyaların təmsilçiləri iştirak ediblər.

Tədbirdə çıxış edən Güney Azərbaycan Demokrat Partiyasının sədri Mahmud Bilgin bildirib ki, hazırda İranda yaşayan soydaşlarımız həm iqtisadi, həm siyasi, həm də mənəvi çətinliklərlə üzləşirlər. Bu baxımdan Güney Azərbaycan Milli Oyanın Hərəkatının (yeni GAMOH) Mərkəzi Komitəsinin 5 üzvünün həbsini vurğulayan partiya sədrinin sözlərinə görə, həmin şəxslər artıq 22-ci gündür ki, İran hakimiyyətinin ədalətsiz qərarlarına etiraz əlaməti olaraq aclıq aksiyası keçirirlər: “Soydaşlarımızın vəziyyəti daha da pisləşir. Dostlarımız bütün çətinliklərə, aclıq aksiyasına baxmayaraq, öz mübarizələrini davam etdirirlər. Bu gün əsas məqsəd bu fədakar şəxsləri diqqətdə saxlamaq, mətbuatda, televiziyalarda bu məsələni qaldırmaq, ictimaiyyətin diqqətinə çatdırmaqdan ibarət olmalıdır”.

Bütöv Azərbaycan Ocaqları İB-in idarə heyətinin üzvü Hakim Əlincəli həbs olunan fəalların hazırkı durumu barədə məlumat verib. O qeyd edib ki, milli fəalların səhhətlərində ciddi problemlər yaranıb: “Həbsxanada pis münasibət göstərməsi fəalların səhhətini daha da ağırlaşdırır”.

BAXCP sədri Qüdrət Həsənquliyev həbsdə olan fəallara aclıq aksiyasını dayandırmaq üçün müraciət etməyi təklif edib. Beynəlxalq təşkilatlarla yanaşı, Azərbaycan hökumətinin də bu məsələyə diqqətini cəlb etmək üçün çağırış etməyin vacibliyini vurğulayan Q. Həsənli bu istiqamətdə bütün təşəbbüsləri dəstəkləməyə hazır olduqlarını deyib: “Partiya olaraq biz də bu məsələni diqqətdə saxlayacağıq və yəqin ki, partiya bununla bağlı bəyanat yayacaq”.

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı deyib ki, hazırda bir sıra beynəlxalq təşkilatlarda Güney Azərbaycan problemlərinə marağın artdığı müşahidə olunur: “Azərbaycan siyasi partiyaları, bütövlükdə Azərbaycan cəmiyyəti bu fədakar insanlara dəstək olmalıdır. Müsavat partiyası da fəallarımızın aclıq aksiyasını dayandırmasının tərəfdarıdır və bununla bağlı müraciət yayıb”.

Sonda tədbir iştirakçıları beynəlxalq təşkilatları İran hakimiyyətinə mümkün sivil vasitələrlə təzyiq göstərməyə və fəalları aclıq aksiyasını dayandırmağa çağırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR