Zakir Həsənov Böyük Vətən müharibəsi veteranları ilə görüşüb

Zakir Həsənov Böyük Vətən müharibəsi veteranları ilə görüşüb
# 05 may 2014 15:54 (UTC +04:00)

Bakı. Rəşad Süleymanov - APA. Müdafiə naziri, general-polkovnik Zakir Həsənov 9 May faşizm üzərində qələbənin 69-cu ildönümü ərəfəsində 1941-45-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupu ilə görüşüb. Bu barədə APA-ya Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Müdafiə naziri qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsinin olmasını, yüz minlərlə həmvətənimizin qələbə naminə canlarından keçməsini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazmasını, o cümlədən veteranların döyüşlərdə və arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərmələrini diqqətə çatdırıb.

Z. Həsənov veteranların bu gün də müstəqil Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak etməsini, gənclərin orduya hazırlanmasında və Silahlı Qüvvələrin şəxsi heyətinin döyüş ruhunun yüksəlməsində səylərini əsirgəməməsini yüksək qiymətləndirib.

Görüşdə prezident İlham Əliyevin 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi barədə sərəncamı xüsusi vurğulanıb.

Görüşdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının sədri, ehtiyatda olan general-mayor Dadaş Rzayev və digər qonaqlar müharibələrin veteranlarının müasir mərhələdə respublikanın ictimai-siyasi həyatında xidmətlərindən bəhs edib, Böyük Vətən müharibəsində tarixi qələbənin 69-cu ildönümü ilə əlaqədar Azərbaycanda keçiriləcək tədbirlər barədə söhbət aparıblar.

Sonda Böyük Vətən müharibəsi iştirakçılarının bir qrupuna pul mükafatının verilməsi haqqında müdafiə nazirinin əmri elan edilib və görüş iştirakçıları xatirə şəkli çəkdiriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR