Balaxanı Sənaye Parkın tikintisi bu ilin sonunda başlanacaq

Balaxanı Sənaye Parkın tikintisi bu ilin sonunda başlanacaq
# 17 iyul 2013 07:57 (UTC +04:00)

Bakı. Vahab Rzayev - APA-Economics. Azərbaycanın «Təmiz Şəhər» ASC tullantıların təkrar emalı sahəsində regionda ilk sənaye parkının qurulması və investorların cəlb olunması istiqamətində bir sıra tədbirlər həyata keçirib. ASC-dən «APA-Economics»ə verilən məlumata görə, belə ki, «Ernst&Young» şirkəti tərəfindən Balaxanı Sənaye Parkının texniki-iqtisadi əsaslandırılması sənədi hazırlanıb, park üçün ayrılmış 7 hektarlıq ərazidə geoloji tədqiqat işləri aparılıb, tikinti-inşaat işlərinə hazırlıq məqsədilə torpaq işləri görülüb və hasarlanma işləri aparılıb.

Bundan başqa, sənaye parkının nümunəvi əsasnaməsi hazırlanıb, parkın korporativ təşviqat materialları hazırlanıb, Azərbaycan və ingilis dilində parkın rəsmi internet səhifəsi (www.bsp.az) istifadəyə verilib. Hazırda sənaye parkın layihə-smeta sənədləri hazırlanır və bu ilin sonunda tikinti-inşaat işlərinin başlanılması planlaşdırılır.

Bu işlərlə yanaşı, potensial sahibkarların cəlb olunması üzrə kompleks tədbirlər görülməyə başlanılıb və bu istiqamətdə nailiyyətlər əldə edilib. Belə ki, Balaxanı Sənaye Parkında məişət tullantılarının tərkibində mövcud olan təkrar emala yararlı materialların ümumi kütlədən ayrılaraq təkrar emalı ilə yanaşı, qeyri-məişət tullantıları hesab edilən avtomobil şinləri, elektrik və elektron cihazlar, məişətdə əmələ gələn təhlükəli tullantılar və digər tullantı növlərinin emalının təşkili planlaşdırılır. Bu istiqamətdə «Təmiz Şəhər» qeyri-məişət tullantısı hesab edilən elektrik və elektron tullantıların sənaye parkında təkrar emalı məqsədilə Türkiyədə tullantıların emalı sahəsində böyük təcrübəyə malik «Exitcom Recycling» şirkəti ilə anlaşma memorandumu imzalanıb. İlkin mərhələdə, adı çəkilən tullantıların böyük müəssisələrdən toplanması və emalı nəzərdə tutulur. Bununla əlaqədar elektrik və elektron tullantıların toplanması ilə bağlı artıq bir sıra böyük şirkətlərlə danışıqlara başlanılıb.

Növbəti mərhələdə isə bu cür tullantıların əhalidən kütləvi şəkildə toplanması məqsədilə İqtisadi İnkişaf Nazirliyinin rəhbərliyi ilə dövlət işçi komissiyası yaradılıb. Bu prinsip istehsalçıların istehsal etdikləri məhsulun ən son mərhələyə, yəni onların utilizasiyası və təkrar emalınadək məsuliyyət daşımasını təmin edir.

Beləliklə, müasir dövrdə elektrik və elektron tullantıların Balaxanı Sənaye Parkında düzgün şəkildə emal olunması resurslara və enerjiyə qənaət, xammal idxalı asılılığının azaltmaqla ölkədə «yaşıl iqtisadiyyat»ın inkişafına təkan verəcək, ətraf mühit və insan səhhətinə mənfi təsirləri və riskləri azaltmış olacaq.

Qeyd edək ki, Balaxanı Sənaye Parkında təkrar emal sənayesini inkişaf etdirmək istəyən müəssisələr üçün investisiya, vergi güzəştləri və üstünlüklər tətbiq edilir. Ümumiyyətlə parkın coğrafi mövqeyi, nəqliyyat qovşağına yaxın məsafədə yerləşməsi, həm daxili, həm də xarici bazarlara yaxınlığı əldə olunmuş təkrar xammal və ya istehsal edilmiş məhsulların asanlıqla son istifadəçiyə çatdırılmasına imkan verir. Həmçinin, Parkın daxili və xarici infrastrukturu sahibkarlar üçün əlverişlidir. Rezidentlər elektrik, su, kanalizasiya, qaz və istilik təchizatı, telefon xətti, ADSL internet bağlantısı kimi kommunal xidmətlər və yük maşınları üçün tərəzi, anbar, bank, poçt, təmir emalatxanası və s. daxili xidmət vasitələrindən faydanlanacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR