Azərbaycan deputatları ölkədə dərmanların satış qiymətindən narazıdır

Azərbaycan deputatları ölkədə dərmanların satış qiymətindən narazıdır
# 04 iyun 2013 11:53 (UTC +04:00)

APA-nın məlumatına görə, komitə sədri Ziyad Səmədzadənin rəhbərliyi ilə keçirilən iclasda sənəd barədə Dövlət Gömrük Komitəsinin Baş İdarə rəisi Mirqasım Vahabov məlumat verib. O qeyd edib ki, yeni qanun layihəsi ölkə iqtisadiyyatının rəqabət qabiliyyətini artırmaqla Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında mühüm rol oynayacaq: «Sənəd Azərbaycanın milli maraqları nəzərə alınmaqla Ümumdünya Ticarət Təşkilatının standartlarına uyğun hazırlanıb. Bu, gömrük qanunvericiliyinin təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir».

Müzakirələr zamanı komitə sədri Z.Səmədzadə, deputatlardan Vahid Əhmədov və Əli Məsimli ölkəyə idxal olunan dərman preparatlarının gömrük rüsumlarından azad edilməsinə baxmayaraq, daxili bazarda maya dəyərindən qat-qat baha satılmasından narahatlıqlarını bildiriblər. Z.Səmədzadə qeyd edib ki, eyni adlı dərmanlar Bakı apteklərində fərqli qiymətlərə və baha satılır.

Komitə rəsmisi də dərmanların apteklərdə baha satılması ilə bağlı narahatlığını bildirərək deyib ki, belə faktlar mövcuddur və dərmanlar öz maya dəyərindən 4-5 dəfə və daha artıq qiymətə satılır. Bununla bağlı Səhiyyə Nazirliyi apteklərdə monitorinq aparıb və eyni adlı dərmanların bütün apteklərdə bir qiymətə satılacağını bəyan edib.

Qeyd edək ki, sənəd 5 fəsil, 23 maddədən ibarətdir. Müzakirələrdən sonra qanun layihəsinin Milli Məclisin plenar iclasında II oxunuşda müzakirəyə çıxarılması tövsiyə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR