Maliyyə assosiasiyalarının saytları necə fəaliyyət göstərir? - ARAŞDIRMA - FOTOSESSİYA

Maliyyə assosiasiyalarının saytları necə fəaliyyət göstərir? - <span style="color: red;">ARAŞDIRMA  - <span style="color: red;">FOTOSESSİYA
# 07 may 2014 07:16 (UTC +04:00)

Məsələn, bank sektorunun iştirakçıları Azərbaycan Banklar Assosiasiyasının (ABA), sığortaçılar – “Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA), lizinq şirkətləri – Azərbaycanın Lizinq Şirkətləri Assosiasiyasının (ALŞA) çətiri altında birləşib. Hər bir adıçəkilən ictimai birliyin rəsmi internet saytı var və bu saytlar mütəmadi olaraq təşkilat üzvlərinin fəaliyyəti haqda, bazardakı yeniliklər, ən son hadisələri ictimaiyyətə çatdırmalıdır. Amma...

İlk olaraq başlayaq ABA-dan. Assosiasiyanın saytı (www.aba.az) xeyli müddətdir ki, nasaz vəziyyətdədir (foto-1). Sayta daxil olduqda insanda elə təsəvvür yaranır ki, sanki resurs haker hücumuna məruz qalıb. Tam istehzasız. Bu texniki problemdir, ya yox demək çətindir. Bircə o dəqiqdir ki, problem saytın bütün bölmələrini əhatə edib. Məsələn, “Üzvlərimiz” (foto-2), “Xəbərlər” (foto-3) və s. bölmələrə daxil olmaq istəyərkən dediklərimizin sübutunu görə bilərsiniz.

Assosiasiyadan saytın fəaliyyətsizliyi ilə bağlı münasibət öyrənə bilmədik.

Yeri gəlmişkən, ABA-nın sonuncu dəfə hər hansı bəyanat, açıqlama və ya press-reliz yaydığını da yada salmaq mümkün deyil.

Bir detal da diqqətimizdən yayınmadı: ABA-nın saytına daxil olarkən, resurs rus dilində açılır.

Keçək ALŞA-nın saytına (www.azerbaijanleasing.com). Burada heç bir texniki nasazlıq gözə dəymir. Təşkilatın nizamnaməsi, fəaliyyət istiqamətləri və üzvləri haqqında dolğun informasiya var. Lakin “Xəbərlər” bölməsinə daxil olduqda görmək olar ki, sonuncu dəfə xəbər 21 aprel 2009-cu il tarixində yerləşdirilib (foto-4). Bundan başqa, “Bazarın icmalı” bölməsində yerləşdirilmiş son icmal 2010-cu ilin I rübünü əhatə edir (foto-5).

ALŞA-nın İdarə Heyətinin sədri Elçin Əhmədov məsələ ilə bağlı “APA-Economics”ə bunları dedi: “Sizin nə ixtiyarınız var araşdırma aparmağa? Məgər araşdırma orqansınız? Bazarda o qədər problem var ki, siz isə görün nəyi araşdırırsınız. Saytı yeniləmək iki günün işidir”.

Maraqlıdır ki, əgər saytı yeniləmək iki günün işidirsə, niyə bu illər ərzində yenilənməyib? Bu suala isə aqressiv tərzdə danışan E. Əhmədov “Sizlik deyil” deyə, telefon əlaqəsini kəsdi.

ASA-nın saytı (www.asa.az) isə tam normal olaraq fəaliyyət göstərir. Saytda mütəmadi olaraq xəbərlər də yenilənir, bazarda baş verən ən son hadisələr də yer alır ki, biz jurnalistlər də bundan sıx-sıx istifadə edirik. Bundan başqa, resursda təşkilatın üzvləri, hesabatlar, sığorta qanunvericiliyi kimi mühüm informasiyaları da əldə etmək olar (foto-6).

İqtisadi və Sosial Tədqiqatlar Mərkəzinin rəhbəri Vüqar Bayramov hesab edir ki, iqtisadi sahədə fəaliyyət göstərən assosiasiyalar öz internet səhifələrinin fəaliyyətinə birmənalı şəkildə nəzarət etməlidir: “Bu, peşəkarlıq baxımından çox vacibdir. Əgər assosiasiyalar vaxtında yenilənmirsə, vətəndaş buradan lazımi informasiyanı əldə edə bilmirsə, təşkilatın fəaliyyəti bir növ şübhə altına alır”.

Ekspert qeyd edib ki, assosiasiyalar üzvlərin ödədikləri üzvlülük haqları hesabına fəaliyyət göstərir: “İnternet saytların tam normal fəaliyyəti assosiasiyaların üzvləri qarşısında bir növ hesabatdır. Eyni zamanda söhbət üzv-şirkətlərin müştəriləri qarşısında hesabatdan gedir. Qanunvericilikdə bununla bağlı heç bir müddəa olmasa belə, burada əsas məqamlardan biri hesabatlılıqdır ki, bu da təşkilatın fəaliyyətinin göstəricisidir. Mövcud elektronlaşma dövründə ən vacib yollardan biri hesabatların internet səhifəsində yerləşdirilməsidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR