Azərbaycanda maliyyə texnologiyaları (fintex) sektoru yeni – sürətli inkişaf mərhələsinə keçir.
“APA-Economics” xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankı (AMB) sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, Azərbaycanda fintex sektorunun inkişafını üç mərhələyə bölmək olar. Birinci mərhələ 2023-2024-cü illərə qədər davam edən və xüsusi tənzimləmə bazasının mövcud olmadığı dövrü əhatə edir.
“İkinci mərhələ 2024-2026-cı illəri əhatə edir. Bu dövrdə ödəniş xidmətləri sahəsində qanunvericilik və müvafiq qaydalar qəbul edilib, sektorun institusional inkişafı əsas hədəf kimi müəyyənləşdirilib. Artıq bu mərhələnin sonuna yaxınlaşırıq və üçüncü – sürətli inkişaf mərhələsinə keçirik”, – Vüsal Xəlilov bildirib.
AMB sədrinin müavini qeyd edib ki, növbəti mərhələdə qanunvericiliyin və tənzimləyici qaydaların yenilənməsi nəzərdə tutulur.
Onun sözlərinə görə, fintex sektorunun inkişafında üç əsas istiqamət müəyyənləşdirilib: qanunvericiliyin təkmilləşdirilməsi, rəqəmsallaşma və süni intellektin tətbiqi, eləcə də Mərkəzi Bank tərəfindən texnoloji infrastrukturun inkişaf etdirilməsi.
Vüsal Xəlilov vurğulayıb ki, Mərkəzi Bankın yaratdığı texnoloji məhsul və sistemlər banklarla və fintex şirkətləri ilə rəqabət aparmaq üçün deyil, onların fəaliyyətini dəstəkləmək və sektordakı problemlərin həllinə kömək etmək məqsədi daşıyır.