Azərbaycan Mərkəzi Bankı (AMB) maliyyə sektorunda məlumatların və süni intellektin idarə edilməsi üzrə yeni tənzimləmə çərçivəsinin hazırlanması istiqamətində iş aparır.
“APA-Economics” xəbər verir ki, bunu AMB sədrinin müavini Vüsal Xəlilov Bakıda keçirilən Türk dövlətlərinin fintex forumunda bildirib.
Onun sözlərinə görə, maliyyə sektorunda rəqəmsallaşma səviyyəsinə görə banklar liderlik edir, fintex şirkətləri isə onlardan sonra gəlir.
“Fintex şirkətlərinin üstünlüyü onların çevikliyi və sürətidir. Böyük banklarla müqayisədə fintexlər yeni məhsulları daha qısa müddətdə bazara çıxara bilirlər. Lakin rəqəmsallaşmanın genişlənməsi kibertəhlükəsizlik risklərini də artırır”, – Vüsal Xəlilov qeyd edib.
AMB sədrinin müavini bildirib ki, Mərkəzi Bank artıq bazara informasiya təhlükəsizliyi və kibertəhlükəsizlik qaydalarını təqdim edib. Bunun ardınca informasiya texnologiyalarının idarə edilməsinə dair tövsiyələr hazırlanıb və gələcəkdə onların məcburi qaydalar formasında tətbiqi nəzərdə tutulur.
“Hazırda sektorla birlikdə məlumatların idarə edilməsi və süni intellektin idarə olunması üzrə çərçivələr üzərində işləyirik. Məqsəd innovasiyaların və rəqəmsallaşmanın təhlükəsiz şəkildə tətbiqini təmin etməkdir”, – Vüsal Xəlilov vurğulayıb.
O əlavə edib ki, bütün maliyyə institutlarında, o cümlədən fintex şirkətlərində dayanıqlı informasiya texnologiyaları infrastrukturu formalaşdırılmalıdır.