Vyetnamda “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda konfrans keçirilib

Vyetnamda “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda konfrans keçirilib
# 11 aprel 2015 16:59 (UTC +04:00)

Bakı-APA. Aprelin 10-da Azərbaycanın Vyetnamdakı səfirliyi və Hanoy şəhərində fəaliyyət göstərən Azərbaycan Tarixi və Mədəniyyətinin Araşdırmaları Mərkəzinin birgə təşkilatçılığı ilə “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda konfrans keçirilib.

Azərbaycanın Vyetnamdakı səfirliyindən APA-ya verilən məlumata görə, konfransda ADA Universitetinin prorektoru Fariz İsmayılzadə, Şəki Şəhəri İcra Hakimiyyəti Başçısının müavini Xəlil Xəlilov, Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin prezidenti akademik Dang Vu Minh, Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müavini Ngo Duk Manh, Vyetnam Kommunist Partiyasının, Vyetnam Xarici İşlər Nazirliyinin rəsmiləri, Vyetnam universitetlərinin və elmi institutlarının müəllim və tələbələri, “Azərbaycan və Vyetnam Mədəniyyətlərinin Paralelləri” mövzusunda keçirilmiş inşa müsabiqəsinin qalibləri iştirak ediblər.

Azərbaycanın Vyetnamdakı səfir Anar İmanov Azərbaycan və Vyetnam xalqları arasında tarixən mövcud olan dostluq münasibətlərindən danışıb, Azərbaycanın mədəni irsi haqqında məlumat verib, iki xalqın adət-ənənələrindəki oxşarlıqlara toxunub. Vyetnam Elm və Texnologiyalar Assosiasiyaları Birliyinin prezidenti Dang Vu Minh xüsusilə müharibə dövründə Vyetnamın ağır günlərində Azərbaycan xalqının Vyetnam xalqına dəstəyinin əsl dostluq nümunəsi olduğunu qeyd edib. ADA Universitetinin prorektoru Fariz İsmayılzadə hələ 1970-1980-ci illərdə çoxlu sayda vyetnamlı tələbənin Azərbaycan universitetlərində təhsil aldığını xatırladıb. Bu tendensiyanın hazırda davam etdirilməsini vacib sayan F. İsmayılzadə hazırda ADA Universitetində üç nəfər vyetnamlı tələbənin təhsil aldığını nəzərə çatdırıb.

Vyetnam Parlamentinin Xarici Əlaqələr Komitəsinin sədr müvini Ngo Duk Manh çıxışında Azərbaycanda təhsil aldığı zaman ölkəmizin mədəniyyəti, adət-ənənələri ilə yaxından tanış olduğunu, Azərbaycanı özlərinin ikinci vətəni hesab etdiyini söyləyib. Şəki Şəhəri İcra Hakimiyyəti başçısının müavini Xəlil Xəlilov isə Şəkinin Vyetnamın regionları ilə mədəniyyət və turizm, ipək istehsalı sahəsində əməkdaşlıq etmək üçün böyük potensialın olduğunu qeyd edib. Konfrans zamanı Dalat və Şəki şəhərləri arasında əməkdaşlığın qurulması məsələsinə dair müzakirə də aparılıb.

Konfrans çərçivəsində Azərbaycanın Vyetnamdakı səfirliyi tərəfindən Vyetnam dilinə tərcümə olunmuş “Azərbaycan xalçaları” kitabının təqdimatı da keçirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR