Niderlandın “Diplomatic Magazine” jurnalında Bakı-2015 Avropa Oyunları barədə məqalə dərc olunub

Niderlandın “Diplomatic Magazine” jurnalında Bakı-2015 Avropa Oyunları barədə məqalə dərc olunub
# 13 mart 2015 12:53 (UTC +04:00)

Bakı – APA. Niderlandın “Diplomatic Magazine” jurnalında “Azərbaycan Bakı 2015 Avropa Oyunlarını ev sahibliyi etməyə hazırdır” başlıqlı məqalə dərc olunub.

Azərbaycanın Niderlanddakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məqalədə qeyd olunub ki, bu yarışda Avropanın 50 ölkəsindən 6000 idmançı iştirak edəcək.

“İlk Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixlərində Bakıda keçiriləcək. 6000 idmançı i özlərini 20 idman növündə sınayacaqlar. Avropa Olimpiya Komitəsinin məlumatına əsasən, Bakı 2015-in bu ilin Avropa idman təqvimində ən önəmli çoxşaxəli tədbir olacağı, Rio 2016 Olimpiya oyunlarına qatılan idmançılar üçün ideal yarış və özünütəsdiq məkanı olacağı gözlənilir. Oyunlar Bakı ilə Mingəçevirdə 21 stadion və idman obyektində keçiriləcək. Rəsmi açılış mərasimi 68.000 nəfərlik Bakı Olimpiya Stadionunda baş tutacaq. İdmançılar şəhərciyi 7300 nəfər üçün nəzərdə tutulur”, - deyə məqalədə qeyd olunub.

Məqalədə həmçinin I Avropa Oyunlarına Niderlandın xüsusi maraq göstərdiyi önə çəkilir. Belə ki, Niderland Milli Olimpiya heyətinin rəhbəri Jeron Bijl məsələyə entuziazmla yanaşıldığını, 2019-cu ildə növbəti Avropa Olimpiya Oyunlarının Niderlandda keçirilməsi ideyasının nəzərdən keçirildiyini diqqətə çatdırıb. O ümidvar olduğunu bildirib ki, digər ölkələr də Niderland kimi bu yarışlara olduqca ciddi yanaşacaq.

Məqalədə o da qeyd olunub ki, Azərbaycanın Niderlanddakı səfiri Mir-Həmzə Efendiyev son illər ölkənin Beynəlxalq Humanitar və Mədəniyyətlərarası Dialoq Forumlarına, bir sıra yüksək səviyyəli konfranslara, dünya çempionatlarına ev sahibliyi etdiyini, I Avropa Oyunlarına hökumət tərəfindən hərtərəfli dəstəyin verildiyini diqqətə çatdıraraq, Bakı 2015 Oyunlarının gələcəkdə keçiriləcək yüksək səviyyəli idman tədbirləri üçün nümunə olacağına inandığını bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR