Bank Of Baku

Birbank Biznes və Visa Azərbaycanda She’s Next layihəsinin 4-cü dalğası üçün qeydiyyat elan edib

Birbank Biznes və Visa Azərbaycanda She’s Next layihəsinin 4-cü dalğası üçün qeydiyyat elan edib
# 20 oktyabr 2026 12:10 (UTC +04:00)

Birbank Biznes və Visa şirkətinin dəstəyi ilə Azərbaycanda She’s Next Empowered by Visa proqramının 4-cü dalğasını başladır. She’s Next in Digital adı altında keçirilən proqram ölkədəki qadın sahibkarları öz rəqəmsal biznes bacarıqlarını inkişaf etdirməyə, ekspertlərdən istiqamətləndirmə almağa və 10.000 AZN-dək qrantlar uğrunda yarışmağa dəvət edir.

"Bir addımla başla!" ideyası ətrafında qurulan She’s Next in Digital proqramı qadınları ambisiyalarını praktiki fəaliyyətə çevirməyə təşviq edir. Proqram iştirakçılara rəqəmsal biliklərini gücləndirməyə, yeni müştərilər əldə etməyə, biznes proseslərini təkmilləşdirməyə və digər zəruri sahibkarlıq bacarıqlarını inkişaf etdirməyə kömək etmək üçün nəzərdə tutulmuşdur.

Qadın sahibkarlara hər mərhələdə dəstək göstərilməsi

She’s Next təşəbbüsünün yeni buraxılışı öz əhatə dairəsini genişləndirir və sahibkarlıq yolunun müxtəlif mərhələlərində olan qadınlar üçün yeni imkanlar yaradır. İştirak həm mövcud biznesləri idarə edən, həm də hələ ilkin biznes ideyaları üzərində çalışan qadınlar üçün açıqdır. İştirakçılar 7 video mühazirədən ibarət onlayn təhsil proqramına çıxış əldə edə biləcəklər. Daha sonra onlar öz biznes planlarını ekspert rəyi üçün təqdim edə və müsabiqənin növbəti mərhələsinə keçmək şansı qazana biləcəklər. Seçilmiş finalçılar layihələrini Final Pitch Day-də münsiflər heyətinə təqdim etməzdən əvvəl üç həftəlik Digital Accelerator proqramı vasitəsilə əlavə dəstək alacaqlar. Bu proqram ekspertlər tərəfindən aparılan sessiyalar və fərdi mentorluğu birləşdirəcək.

İştirakçılar 4 kateqoriyadan birinə müraciət edə bilərlər:

  • Rəqəmsal: rəqəmsal inkişafa daha çox fokuslanan mövcud bizneslər üçün
  • Sosial: sosial təsir yaradan bizneslər üçün
  • Regional: fəaliyyət göstərdikləri regionların inkişafına töhfə verən bizneslər üçün
  • Yeni başlayanlar: biznesini qurmaq üçün ilk addımlarını atan və ya biznes ideyasını inkişaf etdirmək istəyən qadınlar üçün

Azərbaycanda She’s Next təşəbbüsünün 4-cü dalğası bir neçə mərhələdə keçiriləcək:

  • 20 oktyabr – 30 noyabr 2026: Qeydiyyat
  • 30 oktyabr 2026: She’s Next Gəncədə
  • 6 noyabr 2026: She’s Next Şəkidə
  • 30 noyabr – 15 dekabr 2026: Onlayn təhsil proqramı
  • 16 dekabr – 29 dekabr 2026: Biznes planın təqdim edilməsi
  • 8–26 fevral 2027: 24 finalçı üçün Digital Accelerator
  • 3 mart 2027: Final Pitch Day

İlk dəfə olaraq, She’s Next Gəncə və Şəkidə proqramın əhatə dairəsini genişləndirərək, təşəbbüsü regionlardakı qadın sahibkarlara daha da yaxınlaşdıracaq. Tədbirlər yerli qadınlara təşəbbüs haqqında şəxsən daha çox məlumat əldə etmək və qeydiyyat üçün yerində dəstək almaq imkanı verəcəkdir. İştirakçılar həmçinin həmfikir sahibkarlarla əlaqə qura, təcrübələrini bölüşə və öz bizneslərini uğurla qurmuş qadınların hekayələrini onların özlərindən eşidə biləcəklər.

Proqram hər kateqoriyadan iki nəfər olmaqla, 8 qalibin seçilməsi ilə yekunlaşacaq. 60.000 AZN ümumi qrant fondu onların bizneslərini inkişaf etdirmək və ideyalarını həyata keçirmək üçün növbəti addımı atmalarına kömək üçün maliyyə dəstəyi təmin edəcəkdir.

Biznesin böyüməsi üçün start meydançası

2021-ci ildə Azərbaycanda fəaliyyətə başlayan She’s Next Empowered by Visa təşəbbüsü təhsil, mentorluq, netvorkinq və biznesin inkişafı imkanları vasitəsilə qadın sahibkarların genişlənən icmasını dəstəkləyir. Bugünədək təşəbbüsdə 2.000-dən çox azərbaycanlı qadın iştirak etmiş, qadın sahibkarlığının inkişafını dəstəkləmək üçün isə 70.000 AZN qrant mükafatı ayrılmışdır. Azərbaycanlı qadın sahibkarlar Şərqi və Cənub-Şərqi Avropa, Mərkəzi Asiya və Qafqaz ölkələrindən olan 17 ölkənin qadın sahibkarlarından ibarət daha geniş bir icma ilə She’s Next rəqəmsal icma platforması vasitəsilə əlaqə qurmaq imkanına malikdirlər.

"Rəqəmsal bacarıqlar, bizneslərin necə başlaması, rəqabət aparması və böyüməsi üçün zəruri əhəmiyyətə malikdir. Azərbaycanda She's Next təşəbbüsünün 4-cü dalğası sayəsində yenidən Birbank Biznes ilə əməkdaşlıq etməklə qadın sahibkarları birbaşa öz bizneslərinə tətbiq edə biləcəkləri praktiki biliklərlə təmin edirik. Bu, istər onlayn mühitdə daha geniş müştəri bazasına çatmaq, istərsə də rəqəmsal ödənişləri qəbul etmək və ya gündəlik prosesləri daha səmərəli etmək deməkdir. Bu il əhəmiyyətli bir irəliləyişi qeyd edirik, çünki She's Next proqramını Bakıdan kənara çıxararaq, regionlardakı qadınlar üçün daha əlçatan edirik. Təhsil, mentorluq və maliyyələşdirməni birləşdirməklə daha çox qadının arzularını dayanıqlı biznesə çevirməsinə kömək etməyi hədəfləyirik” - deyə, Visa-nın Azərbaycan üzrə Baş direktoru və ölkə meneceri Nurlan Hacıyev bildirib.

“Artıq dörd ildir ki, Visa ilə birgə həyata keçirdiyimiz She’s Next layihəsi vasitəsilə qadın sahibkarların inkişafına dəstək oluruq. Bizim üçün bu təşəbbüs yalnız maliyyə dəstəyi deyil, həm də qadınların bilik və bacarıqlarını inkişaf etdirmələri, özlərinə inanmaları və bizneslərini böyütmələri üçün yeni imkanlar yaratmaq deməkdir. İndiyədək layihə çərçivəsində keçirilən təlimlərdə 1.000-dən çox qadın iştirak edib. Son iki ildə qadın sahibkar müştərilərimizin sayının 1,5 dəfə, onlara təqdim etdiyimiz mikrokreditlərin həcminin 5 dəfə artması və qadın sahibkarlarımıza özəl məhsulların yaradılması, bu istiqamətdə fəaliyyətimizin əhəmiyyətini göstərir. Bu il rəqəmsal bacarıqların inkişafına və regionlardakı qadın sahibkarlar üçün imkanların genişləndirilməsinə xüsusi diqqət yetiririk. İnanırıq ki, hər bir qadın, harada yaşamasından asılı olmayaraq, öz ideyasını reallaşdırmaq və uğurlu biznes qurmaq imkanı əldə etməlidir”, – deyə Kapital Bank-ın Ödəniş məhsulları ofisinin lideri Zakir Xan-Məmmədov bildirib.

She’s Next in Digital üçün qeydiyyat 30 noyabr 2026-cı il tarixinədək açıqdır. İştirak etmək istəyən qadınlar proqram haqqında daha ətraflı məlumatı shesnext.az saytından əldə edə və müraciət edə bilərlər. İştirakçılar həmçinin proqram yeniləmələri, elanlar və gözlənilən tədbirlər haqqında məlumat almaq üçün She’s Next WhatsApp icmasına qoşula bilərlər.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR