Əli Alkan: “İnsan hüquqlarının yüksək səviyyədə təmin edilməsində Türkiyənin də çatışmazlıqları var”

Əli Alkan: “İnsan hüquqlarının yüksək səviyyədə təmin edilməsində Türkiyənin də çatışmazlıqları var”
# 24 oktyabr 2014 11:14 (UTC +04:00)

Bakı. Rüfət Əhmədzadə - APA. “Azərbaycan beynəlxalq hüququn tələblərindən geri qalmamaq naminə ciddi işlər görür”. APA-nın məlumatına görə, bunu Türkiyə Ali Məhkəməsinin sədri Əli Alkan deyib.

Ə. Alkan xatırladıb ki, Türkiyə Avropa Birliyinə üzv olmaq istəyir: “Uzun illərdir bu istiqamətdə işləyirik və yaxşı nəticələr əldə etmişik. Türkiyə öz qarşısında qoyulan şərtləri yerinə yetirməyə, qanunları və qanunların tətbiqini Avropa Birliyi və Avropa İnsan Haqları Məhkəməsinin icraatlarına uyğunlaşdırmağa, müvafiq islahatlar aparmağa çalışır. Azərbaycanın da eyni şəkildə çalışqanlıq göstərdiyini, islahatları sürətlə həyata keçirdiyini görürük. İnanıram ki, Azərbaycan demokratiyanın inkişafında və insan hüquqlarının təmin edilməsində hədəflərinə çatacaq və beynəlxalq aləmdə öz layiqli yerini tutacaq”.

Ə. Alkan qeyd edib ki, insan hüquqlarının yüksək səviyyədə təmin edilməsində Türkiyənin də çatışmazlıqları var: “Ola bilər ki, bu çatışmazlıqları qısa zamanda aradan qaldırmaq mümkün olmasın. Buna görə ruhdan düşmək lazım deyil”.

Ə. Alkan Dağlıq Qarabağdakı separatçı rejim tərəfindən azərbaycanlı girovlar Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində məhkəmə qurulması xəbərinə də münasibət bildirib: “Mənim bu məsələdən tam xəbərim yoxdur. Amma onu deyə bilərəm ki, beynəlxalq hüquq və insan haqları əsas götürülməlidir. Bu problemin tezliklə həll olunacağına ümid edirəm”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR