Komitə sədri qiymətli kağızlar bazarının iştirakçılarına vergi güzəştlərinin tətbiq edilməsini təklif edir

Komitə sədri qiymətli kağızlar bazarının iştirakçılarına vergi güzəştlərinin tətbiq edilməsini təklif edir
# 10 dekabr 2014 10:43 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Qiymətli kağızlar bazarında əlverişli vergi mühitinin formalaşdırılması məqsədilə təkliflər hazırlanıb.

APA-Economics”in məlumatına görə, bu barədə “Vergilər” qəzetinə müsahibəsində Qiymətli Kağızlar üzrə Dövlət Komitəsinin sədri Rüfət Aslanlı məlumat verib.

Onun sözlərinə görə, artıq təkliflər Vergilər Nazirliyinə təqdim olunub. “Burada söhbət kapital bazarlarına hansısa güzəştlərin, stimullaşdırıcı vergi rejiminin tətbiq olunmasından getmir. Məqsəd kapital bazarlarında mövcud olan xüsusiyyətləri nəzərə alan spesifik vergi rejiminin tətbiq olunmasıdır. Kapital bazarları bütün dünyada bank, sığorta, digər sahibkarlıq fəaliyyətindən öz spesifikasına görə fərqlənir. Buna görə də bütün dünyada kapital bazarlarında təkcə vergiqoyma deyil, hüquq rejimi də fərqli olur. Bunun kimi bəzi məsələlər vergi qanunvericiliyinə daxil edilməlidir. Ümid edirik ki, növbəti ildən Vergi Məcəlləsinə əlavələr üçün təklifə baxılacaq”, - deyə R. Aslanlı bildirib.

Komitə sədri əlavə edib ki, təkliflər içərisində motivasiya və stimullaşdırma tədbirləri yer alıb. Təkliflərdən biri Bakı Fond Birjasında (BFB) açıq ticarət olunan şirkətlərin 3 il müddətinə ödəyəcəyi vergiyə simvolik səviyyədə güzəşt tətbiq edilməsidir: “Fond Birjasında ticarət olunan müəssisələrin maliyyə hesabatlılığı və məlumat açıqlamasına dair tələblər var. Bu müəssisələr hər rüb beynəlxalq auditdən keçməlidirlər, öz fəaliyyətində mövcud ola biləcək bütün yeniliklər barədə bazara məlumat verməlidirlər. Bütün bunlar şəffaf həyata keçirildiyi üçün hər hansı vergidən yayınma, maliyyə axınlarının gizlədilməsi kimi hallar olmur. Bunun müqabilində bir çox ölkədə bu sahəyə vergi güzəştləri tətbiq olunur. Bizim də bu qəbildən bəzi təkliflərimiz var, onların xırdalıqları müzakirə edilməlidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR