“Akkord” və Almaniyanın “Bauer” şirkəti Anlaşma Memorandumu imzalayıb

“Akkord” və Almaniyanın “Bauer” şirkəti Anlaşma Memorandumu imzalayıb
# 20 noyabr 2014 09:15 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu - APA-Economics. “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC ilə Almaniyanın “Bauer” şirkəti arasında yeni layihələrin öyrənilməsi və mövcud təcrübələrin inkişaf etdirilməsi məqsədilə Anlaşma Memorandumu imzalanıb.

“Akkord” Korporasiyasından “APA-Economics”ə verilən məlumata görə, imzalanma mərasimdə korporasiyanın baş direktoru Göksel Aybek, baş direktorun müavini Samir Qasımov, Daxili layihələr qrupunun direktoru Volkan Kurt, Nəqliyyat departamentinin direktoru Hüseyn Gümüş, “Bauer” şirkəti tərəfdən şirkətin baş icraçı direktoru Tomas Bauer, Yaxın Şərq bölməsi üzrə regional menecer Volfram Groh və şirkətin Azərbaycan filialının meneceri Tarkan Keloğlu iştirak ediblər.

Bu razılaşmaya əsasən, “Bauer” birgə layihələrdə özülün möhkəmləndirilməsi, qruntun yükgötürmə qabiliyyətinin yaxşılaşdırılması, özül və qruntun drenajı üçün ən optimal və qənaətcil həll yollarının müəyyən edilməsi məqsədilə texniki layihələndirmə işlərinin həyata keçirilməsinə görə cavabdeh olacaq. “Akkord” öz növbəsində, yerli tikinti avadanlıqlarının və xidmətlərin təmini, tikinti materiallarının təchizi, eyni zamanda, ümumi tikinti və qazıntı işlərinin aparılması, icazə və lisenziyaların alınması və yerli hakimiyyət orqanları ilə əlaqələrin qurulmasında məsuliyyət daşıyacaq. Bir sözlə, bu memorandumun imzalanması həm əhatə sahələri, həm də, coğrafi baxımından daha geniş əməkdaşlıq imkanlarını müəyyən edəcək.

Xatırladaq ki, “Bauer” şirkəti ilə “Akkord” Korporasiyası arasında əməkdaşlıq təcrübəsi bundan əvvəl də mövcud olub. 2013-cü ildə Korporasiyanın Gürcüstanda icra etdiyi Kutaisi dolama yolunun tikintisi layihəsi çərçivəsində baş tutan əməkdaşlıq zamanı “Bauer” “Akkord”un sifarişi əsasında svay işlərini yerinə yetirib. Kutaisi dolama yolu layihəsi hazırda “Akkord” Korporasiyasının Gürcüstanda həyata keçirdiyi ən iri infrastruktur layihəsidir. 17,3 km-lik beton yolun tikintisini nəzərdə tutan bu layihəyə 2012-ci ilin fevral ayında start verilib. Layihənin sifarişçisi Gürcüstanın Regional İnkişaf və İnfrastruktur Nazirliyinin Yol Departamentidir.

Qeyd edək ki, Almaniyanın “Bauer” şirkəti 1790-cı ildə yaradılıb və hazırda inşaat, maşın-mexanizm istehsalı və qruntun yaxşılaşdırılması sahələrində böyük təcrübəyə sahibdir. “Bauer”in 70 ölkədə 110-dan çox törəmə müəssisəsi olan şirkət mövcuddur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR