Azərbaycanda geni dəyişdirilmiş məhsullarla əlaqədar monitorinqlər aparmaq üçün ekspert şuraları və tədqiqat qrupları yaradılıb

Azərbaycanda geni dəyişdirilmiş məhsullarla əlaqədar monitorinqlər aparmaq üçün ekspert şuraları və tədqiqat qrupları yaradılıb
# 05 mart 2013 13:02 (UTC +04:00)

Bu barədə APA-ya Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Genetik Ehtiyatlar İnstitutunun direktoru Zeynal Əkbərov bildirib. Onun sözlərinə görə, hazırda ölkə üzrə monitorinqlərin keçirilməsi üçün hazırlıq işləri aparılır. Monitorinqlər Nazirlər Kabineti tərəfindən təsdiq edilmiş “Ölkə daxilində aşkarlanan genetik modifikasiya olunmuş bitkilərdən yarana biləcək təhlükənin təyin edilməsi qaydası”na əsasən aparılacaq və birinci il təxminən 3 istiqamət üzrə həyata keçiriləcək. Sonrakı illərdə isə monitorinqlərin istiqamətlərinin sayı da artırılacaq.

Z. Əkbərov deyib ki, hazırda Azərbaycanda Genetik Modifikasiya Olunmuş (GMO) məhsullarla bağlı dəqiq vəziyyət bəlli deyil: “Bunun üçün çox ciddi monitorinqlərə ehtiyac var. Bu məhsulların ölkədə aşkarlanması, yayılmasının qarşısının alınması üçün 4 dövlət qurumu - Kənd təsərrüfatı, Ekologiya və təbii sərvətlər, Səhiyyə nazirlikləri, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi və AMEA birlikdə tədqiqatlar aparacaq. Tədqiqatlar zamanı geni dəyişdirilmiş genetik materiallar aşkara çıxarılarsa, laborator analizlərdən sonra onların məhvi barədə qərar qəbul ediləcək.

İnstitut direktoru ölkədə “Geni dəyişdirilmiş bitkilər və orqanizmlər haqqında” qanunun qəbuluna da ehtiyac olduğunu bildirib: “Azərbaycanda “Toxumçuluq haqqında”, “Ekoloji təmiz kənd təsərrüfatı haqqında”, “Genetik ehtiyatların mühafizəsi və səmərəli istifadəsi haqqında” qanunlarda GMO ilə bağlı problemlər müəyyən qədər tənzimlənir. Amma bu problemə qarşı daha effektli mübarizə aparmaq üçün “Geni dəyişdirilmiş bitkilər və orqanizmlər haqqında” qanun olmalıdır”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR