Məhəmməd İmanlının məhkəməsi təxirə salınıb

Məhəmməd İmanlının məhkəməsi təxirə salınıb
# 05 fevral 2013 10:35 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bakı Dövlət Universitetinin (BDU) hüquq fakültəsinin sabiq dekan müavini, hüquq elmləri doktoru, professor Məhəmməd İmanlının cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə vəkil Abbas Atakişiyev M. İmanlının müdafiəsinə qoşulduğunu, lakin cinayət işinin materialları ilə ətraflı tanış olmadığı üçün məhkəmənin təxirə salınmasını xahiş edib. Hakim bunun üçün prosesin fevralın 6-dək təxirə salındığını deyib.

Qeyd edək ki, Baş Prokurorluğun yaydığı məlumatda bildirilib ki, Məhəmməd İmanlı külli miqdarda rüşvət alan zaman cinayət başında saxlanılıb. Bakı Dövlət Universitetinin hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasının müəllimi, hüquq elmləri doktoru, professor əvəzi İmanlı Məhəmməd Nağı oğlunun qanunsuz hərəkətləri barədə Bakı şəhər sakininin Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin "161-Qaynar xətt" əlaqə mərkəzinə daxil olmuş müraciəti araşdırılıb.

Müəyyən edilib ki, Məhəmməd İmanlı ikinci ali təhsil almaq üçün ona müraciət etmiş Bakı şəhər sakinindən BDU-nun Beynəlxalq iqtisadi əlaqələr fakültəsinə tələbə kimi qəbul edilməsinə görə 40.000 (qırx min) manat pul tələb edərək, 05 may 2012-ci il tarixdə yaşadığı Bakı şəhəri, Zabrat qəsəbəsi, A.S.Puşkin küçəsi 6 №-li evdə qeyd olunan külli miqdarda pulu rüşvət kimi alarkən cinayət başında yaxalanıb.

M.İmanlının yaşadığı evə baxış keçirilərkən sonuncu Bakı şəhər sakinindən rüşvət kimi aldığı 40.000 (qırx min) manat pulu təqdim edib, həmçinin yaşadığı evdən müxtəlif əsginaslarla ümumilikdə 79.300 (yetmiş doqquz min üç yüz) ABŞ dolları, 61.260 (altmış bir min iki yüz altmış) manat, 13.020 (on üç min iyirmi) avro və vətəndaşın adına olan əvvəlki təhsil müəssisəsini bitirməsinə dair diplomun surəti, eləcə də iş üçün əhəmiyyət kəsb edən digər sənəd və əşyalar aşkar edilərək götürülüb.

Həmin fakta görə Məhəmməd İmanlı barəsində Cinayət Məcəlləsinin 311.3.3-cü (külli miqdarda rüşvət alma) maddəsi ilə cinayət işi başlanıb. M.İmanlı təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddə ilə ittiham elan olunmaqla barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

Xatırladaq ki, M.İmanlı 1993-cü ildən Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin “Cinayət hüququ və kriminalogiya” kafedrasında müəllim, baş müəllim, dosent, həmçinin 2004-2011-ci illərdə Hüquq fakültəsində dekanın 1-ci müavini vəzifələrində işləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR