Bakıda «Anadangəlmə ürək qüsurlarına müasir baxış» mövzusunda konfrans keçirilib

Bakıda «Anadangəlmə ürək qüsurlarına müasir baxış» mövzusunda konfrans keçirilib
# 16 fevral 2013 12:37 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Respublika Müalicə Diaqnostika Mərkəzində Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin təşkilatçılığı ilə «Anadangəlmə ürək qüsurlarına müasir baxış» mövzusunda elmi-praktiki konfrans keçirilib.

APA-nın xəbərinə görə, konfransda bu sahədə olan yeniliklər və bu aspektdə gələcəyə dair fikirlər istiqamətində yerli mütəxəssislərlə qarşılıqlı diskussiya aparılıb. Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyası İctimai Birliyinin sədri, ürək-damar cərrahı Rəşad Mahmudov bildirib ki, Heydər Əliyev Fondunun təşəbbüsü və Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə fevralın 11-18-də Mərkəzi Neftçilər Xəstəxanasında ürək-damar xəstəlikləri üzrə treninq keçirilir. Onun sözlərinə görə, bu məqsədlə İtaliyanın Milan şəhəri San Donato Mərkəzinin uşaq ürək cərrahı, professor Alessandro Giamberti ilə Almaniyanın Hamburq şəhəri Pediatrik Kardiologiya Klinikasının direktoru, professor Coxen Vielin dəvət olunub: «Ölkədə təhsil alan gənc rezidentlərin tədrisi baxımından böyük əhəmiyyət kəsb edən bu treninqlərin keçirilməsi, avropalı mütəxəssislərin təcrübələrindən yararlanmağa da imkan verəcək. Bu tarixlərdə həmçinin, çox mürəkkəb anadangəlmə ürək qüsurundan əziyyət çəkən 15 körpə uşaq üzərində xarici mütəxəssislərlə birgə cərrahi əməliyyatların icrası nəzərdə tutulub».

R.Mahmudov həmçinin qeyd edib ki, 40-50-yə yaxın xəstənin müayinələri planlaşdırılır. Əməliyyatların 8-i Heydər Əliyev Fondunun ayırdığı maliyyə vəsaiti üzrə həyata keçiriləcək.

İtaliyalı cərrah A.Giamberti isə bildirib ki, bu günədək keçirilən əməliyyatların hamısı uğurla baş tutub. O qeyd edib ki, Azərbaycanda uşaq cərrahlarının bilik və bacarıqlarının inkişaf etdirilməsi üçün böyük planlar mövcuddur.

Almaniyalı professor C.Vielin isə qeyd edib ki, pediatrların əsas vəzifəsi vaxtında düzgün diaqnozun qoyulmasıdır: «Diaqnoz nə qədər tez qoyularsa, uşaqları xilas etmək bir o qədər asan olar».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR