Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçirilib

Ukraynada Azərbaycan Mədəniyyət Günləri keçirilib
# 06 iyun 2012 13:49 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. İyunun 1-dən 5-dək Ukraynada Azərbaycan Mədəniyyəti Günləri keçirilib. Mədəniyyət və Turizm Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, mədəniyyət günlərinin açılışı Kiyevdə, T.Q.Şevçenko adına Ukrayna Milli Opera və Balet Teatrında gerçəkləşib. Mərasimdə Azərbaycanın mədəniyyət və turizm naziri Əbülfəs Qarayev və Ukrayna mədəniyyət və turizm nazirinin müavini Timofey Koxan çıxış ediblər. Açılış mərasimində Azərbaycan Dövlət Rəqs Ansamblının, F.Əmirov adına Dövlət Mahnı və Rəqs Ansamblının, respublika və beynəlxalq muğam müsabiqələrinin qaliblərinin çıxışları maraqla qarşılanıb. Teatrın foyesində “Azərbaycan: ənənə və müasirliyin qovşağında” adlı fotosərgi açılıb, Azərbaycanın turizm potensialının təqdimatı olub. Azərbaycanın rəsmi nümayəndə heyəti «ARSENALE-2012» I Kiyev Beynəlxalq Müasir İncəsənət Biennalesinə, Piroqovo Xalq Mədəniyyəti və Məişəti Muzeyinə baş çəkib. Səməd Vurğun adına Azərbaycan Dövlət Rus Dram Teatrının kollektivinin ifasında L.Ukrainka adına Milli Akademik Rus Dram Teatrında M.F.Axundzadənin pyesi əsasında səhnələşdirilmiş “Müsyö Jordan və dərviş Məstəli şah” tamaşası nümayiş etdirilib.

Ukraynanın paytaxtı Kiyevdə start götürən Azərbaycan Mədəniyyəti Günləri iyunun 3-də Qara dənizin sahillərində - Odessa şəhərində davam edib. Həmin gün Odessa Akademik Opera və Balet Teatrında Azərbaycan incəsənət ustalarının qala-konserti olub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR