Azərbaycanda gəmilərin nəzarət yoxlaması qaydaları sərtləşdirilir

Azərbaycanda gəmilərin nəzarət yoxlaması qaydaları sərtləşdirilir
# 18 may 2012 14:21 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişikliklərdə nəzərdə tutulur. Belə ki, Məcəllədə gəmilərin nəzarət yoxlamaları ilə bağlı konkret müddətlər yer alacaq.

Azərbaycan ərazisindəki dəniz limanlarına daxil olan, xarici bayraq altında üzən gəmilərin son üç təqvim ili əsasında hesablanmış orta illik sayının ən azı 15 faizi müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi əsasnaməyə uyğun olaraq nəzarət yoxlamasından keçirilməlidir. Gəminin təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 10 ildən artıq keçdikdə qaz və kimyəvi maddələr daşıyan tankerlər, 12 ildən artıq keçdikdə qalama (balker) yük gəmiləri, 15 ildən artıq keçdikdə sərnişin gəmiləri, eləcə də ümumi tonnajı 3000 tondan artıq olan və təhlükəsizlik şəhadətnamələrində göstərilmiş inşa tarixindən 15 ildən artıq keçdikdə neft tankerləri geniş nəzarət yoxlamalarından keçirilməlidirlər. Geniş nəzarət yoxlamaları müvafiq əsasnamədə nəzərdə tutulmuş qaydada keçiriləcək.

Ticarət Gəmiçiliyi Məcəlləsinə dəyişiklik layihəsi Milli Məclisin (MM) İqtisadi siyasət Komitəsində müzakirə edilib və MM-in plenar sessiyasına tövsiyə olunub.
Qeyd edək ki, Ticarət Gəmiçiliyi Məcəlləsi ticarət gəmiçiliyi fəaliyyətinin hüquqi əsaslarını, onun səmərəli təşkili və məqsədli inkişafından yaranan münasibətləri tənzimləyir. Ticarət gəmiçiliyindən yaranan münasibətlər bu Məcəllə, Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri və onların əsasında qəbul edilən normativ hüquqi aktlar ilə tənzimlənir. Ticarət gəmiçiliyindən yaranan və bu Məcəllə ilə tənzimlənməyən və ya tam tənzimlənməyən əmlak münasibətlərinə Azərbaycan Respublikasının mülki qanunvericiliyinin müddəaları tətbiq edilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR