Qobustan Alternativ Enerji üzrə Təcrübə-Sınaq Mərkəzi sentyabrda tam istifadəyə veriləcək

Qobustan Alternativ Enerji üzrə Təcrübə-Sınaq Mərkəzi sentyabrda tam istifadəyə veriləcək
# 15 may 2012 09:42 (UTC +04:00)
Bakı. Elnur Hüseynquluyev - APA-Economics. Bu ilin sentyabr ayının əvvəllərində Qobustan Alternativ Enerji üzrə Təcrübə-Sınaq Mərkəzi tam istifadəyə veriləcək.

APA-Economics”in xəbərinə görə, bunu Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin direktor müavini Cəmil Məlikov bildirib.

Onun sözlərinə görə, hazırda poliqonun layihə gücü 5,5 MVt-dır. Bunun 2,7 MVt-ı külək enerjisinin, 1,8 MVt-ı günəş panellərinin, 1 MVt-ı isə bioqaz və bioenerjidən əldə olunan enerjinin payına düşür: “Əsas məqsədimiz ilk növbədə Qobustan rayon mərkəzini alternativ enerji ilə təmin etmək, sonra isə bütün rayon ərazisini bərpa olunan enerji ilə təmin etməkdir”.

C.Məlikov qeyd edib ki, hazırda poliqonda inzibati binaların enerji təminatı günəş panelləri hesabına həyata keçirilir. Sentyabr ayında poliqon tam istifadəyə verildikdən sonra rayonun mərkəz hissəsi alternativ enerji ilə təmin ediləcək: “Hazırda Qobustan rayonunda pik saatlarda istifadə olunan enerji 1,5 MVt gücə malikdir. Cəmi rayon üzrə isə bu göstərici 4 MVt-dır. Perspektivdə dördüncü külək turbini quraşdırıldıqdan sonra poliqonun istehsal gücü 8 MVt-a çatacaq. Bu isə bütövlükdə Qobustan rayonunu bərpa olunan enerji ilə tam təmin etməyə, həmçinin əlavə enerji satışına şərait yaradacaq”.

C.Məlikov əlavə edib ki, bərpa olunan alternativ enerjilər əhaliyə 6 qəpikdən satılacaq: “Bu proses dövlətin tarif siyasətinə uyğun həyata keçiriləcək”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR