Rihanna Bakını coşdurdu, oynatdı və oxutdu… “Mən sizi çox sevirəm, Bakı!” – FOTOSESSİYA

Rihanna Bakını coşdurdu, oynatdı və oxutdu… “Mən sizi çox sevirəm, Bakı!” – <font color=red> FOTOSESSİYA </font>
# 06 oktyabr 2012 23:32 (UTC +04:00)
Bakı. Ülkər Rəşidqızı – APA. “İnana bilmirəm ki, bu səhnədəyəm və bütün bunlar indi baş verir. Mən Bakıdayam və sizlərin qarşısındayam. Bakı mən sizi sevirəm...” APA-nın məlumatına görə, bu sözləri oktyabrın 7-də Bakıda, “Crystal Hall” səhnəsində ilk solo konsertini verən dünyaca məşhur Rihanna deyib.

Rihannanın konserti üçün hələ bir neçə gün bundan əvvəl 80 nəfərlik komanda Bakıya təşrif buyurub, eləcə də xüsusi avadanlıqlar gətirilib. Konsert gözlənildiyi kimi anşlaqla və böyük kütlənin iştirakı ilə baş tutub. İlk əvvəl “Crystal Hall” səhnəsinə azərbaycanlı müğənni və “youtube” kanalında xüsusi maraqla izlənilən Gültəkin çıxıb. Tamaşaçıları ingilis dilində salamlayan Quli ləqəbli bu müğənni, elə ifasında da ingilis dili mahnılara üstünlük verib. Daha sonra səhnəyə xüsusi rəqs qrupu çıxaraq, maraqlı şou nümayiş etdirib. “Crystal Hall”da ilk dəfə olaraq məhz Rihannanın konsertində sözün həqiqi mənasında diskoteka təşkil olunub. Səhnədə müxtəlif müasir mahnıları öz tərzi ilə səsləndirən dj Magnum da maraqla qarşılanıb. Səhnəyə yaxın, yəni fan zonada əyləşən gənclər bu mahnılar altında kifayət qədər rəqs ediblər. “Natiq” Ritm Qrupunun ifasında “Sarı gəlin” xalq mahnısının mükəmməl şəkildə təqdimatı isə zalda hamını ayağa qaldırıb. Müxtəlif kompozisiyaların yer aldığı bu ifa, alqışlarla müşayiət olunub. “Natiq” Ritm Qrupundan dərhal sonra isə, daha dəqiq desək saat 22:45-də səhnəyə gözlənilən və Azərbaycanda çoxsaylı pərəstişkara sahib olan, gənclərin sevimlisi Rihanna çıxıb. İfası ilə hamının qəlbinə yol tapan, istənilən ölkədə hitləri ilə gündəmdə olan Rihanna səhnəyə xüsusi lift vasitəsi ilə qaldırılıb. Ulduzun gəlişi ani və gözlənilməz olub. Konsertdə vurğulanmalı əsas məqamlardan biri də Cennifer Lopezin konsertindən fərqli olaraq tamaşaçıların öz sevdikləri müğənnilərinin ifası altında rəqs etmək şansı olub. Hətta tamaşaçılar Rihannanın daha yaxşı görmək üçün əyləşməli olduqları oturacaqların üstünə çıxıblar. İstənilən konsertində tamaşaçılarla daima ünsiyyətdə olan qara dərili və kifayət qədər sevimli Rihanna, elə bunu Bakı səhnəsində də təkrarlayıb. Rihanna, çıxışının əvvəlində, ortasında və sonunda dəfələrlə “Bakı səni sevirəm” deməkdən yorulmayıb. Hətta müğənninin mahnılarını əzbər bilən tamaşaçıların ifası Rihannanı təsirləndirib və həyəcanlandırıb. Tamaşaçılara ana dilimizdə “sağolun“ deyən Rihanna “Crystal Hall”a toplanmış minlərlə pərəstişkarına üzünü tutaraq deyib: “Sizdən bir xahişim var: mənim adımı söyləyin və daha çox söyləyin. Sizdən mənə gələn müsbət enerjidən lap tərləmişəm. Ümidvaram bu gecə tam yanmaram, çünki bu qarşılıqlı sevgidir. Mən sizi çox sevirəm, Bakı!”. Barbados adasında dünyaya gələn, hazırda Amerikada yaşayan və dünyanın istənilən ölkəsində milyonlarla pərəstişkara sahib olan Rihanna, bütün mahnıları canlı ifa edib. Qüsursuz ifası, erotik rəqsləri, məhz Rihannaya məxsus hərəkətləri ilə tamaşaçıları sevindirib. Rihanna səhnədə olduğu müddətdə yalnız bir geyimdə olub və sona kimi rəngli, cəlbedici səhnə geyimində bir-birindən maraqlı perfomanslar nümayiş etdirib.

Azərbaycan tamaşaçılarından özünə çox böyük maraq görən Rihanna, sonuncu çıxışında gözlənilməz addım atıb. O, mühafizəsiz tamaşaçılara yaxınlaşıb və bunu da qeyri-adi edib. Öz işçilərindən birinin boynuna çıxan Rihanna, ən öndəki pərəstişkarları ilə əl-əl görüşüb, onlara səhnədəki üzərinə “R” yazılmış şarları atıb. Amma Rihanna tamaşaçıların sərasər “Rihanna, Rihanna” deyərək onu səhnəyə yenidən çağırmalarına cavab olaraq yenidən səhnəyə qayıtmayıb.

Konsertində Rihanna “Where have you been”, “We found love”, “Umbrella”, “Love the way you lie”, “You da one”, “Take a bow”, “Russian roulette” , “Man down”, “Disturbia”, “Unfaithful” və digər köhnə, eyni zamanda yeni hitlərini Bakı tamaşaçılarına ərməğan edib. Çıxışı boyu Rihannanı şəxsi rəqqasları və musiqiçiləri müşayiət edib. Dünya ulduzunun bəzi rəqsləri Maykl Ceksonu xatırladıb. Rihanna səhnədə bir saata yaxın fasiləsiz ifalar səsləndirib və hər bir ifasında tamaşaçılara xüsusi diqqət yetirib, mikrafonu onlara uzadıb, tamaşaçıları onunla birgə mahnılar oxumağa, rəqs etməyə səsləyib. Yəqin ki, tamaşaçıların konsertdə sadəcə oturaq vəziyyətə onu izləməmələri də məhz Rihannaya məxsus olub və müğənni konsertinin coşğulu keçməsi və tamaşaçıların zövq alması üçün özü onlara azadlıq verilməsini istəyib.

Konsertdə “Eurovision 2012” mahnı müsabiqəsi zamanı “Green room” olan əraziyə biletlər VİP olaraq satılıb və həmin biletlərin qiyməti 1000 manat təşkil edib. Bu hal Cennifer Lopezin konsertində də eyni olub.

Qeyd edək ki, Rihannanın Bakı konsertinin təşkilatçılığı “Universal Music Group”un Azərbaycandakı rəsmi nümayəndəsi “Omnikomo Music Group”na məxsusdur. Şirkətin növbəti beynəlxalq layihəsi oktyabrın 14-də Şakiranın konserti olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR