Rusiya Dövlət Dumasının komitə sədri: “Azərbaycanın Rusiyadakı səfiri miqrantların rus dili və tarixindən imtahan verməsini vacib sayır”

Rusiya Dövlət Dumasının komitə sədri: “Azərbaycanın Rusiyadakı səfiri miqrantların rus dili və tarixindən imtahan verməsini vacib sayır”
# 11 may 2012 15:03 (UTC +04:00)
Moskva. Fərid Əkbərov – APA. “Belarus və Qazaxıstan Rusiyanın təsiri ilə Azad Ticarət Zonasına daxil olmayıblar”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya Dövlət Dumasının MDB ölkələri üzrə İş Komitənin sədri Leonid Slutski “RİA Novosti” beynəlxalq informasiya agentliyində keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Belarus və Qazaxıstan “Evrazes” iqtisadi birliyinə və Azad Ticarət Zonasına öz iqtisadiyyatlarını inkişaf etdirmək üçün daxil olublar: “Bəzi ölkələr Rusiyanın təsiri ilə bu ölkələrin həmin təşkilatlara qoşulduğunu söyləyirlər. Belə deyil. Hansı ölkə öz iqtisadiyyatını böyütmək və inkişaf etdirmək istəyirsə, bu təşkilatlara qoşulur”.

Dövlət Dumasının komitə sədri Rusiyaya MDB ölkələrindən gələn miqrantların rus dili və tarixindən imtahan verməsi məsələsini də şərh edib. L. Slutski Rusiya Federal Miqrasiya Xidmətinin rəisi Konstantin Romadanovski ilə bu məsələni müzakirə etdiklərini söyləyib: “Problemli məsələdir. Problemlərdən biri də miqrantlara veriləcək rus dili və tarixindən olan sertifikatların pulla satılmasıdır. Biz bunu nəzarətdə saxlayırıq. İkinci problem isə Rusiyaya gələn miqrantların hansı məqsədlə bura gəlməsidir, yəni tikintidə fəhlə işləmək, bazarda ticarətlə məşğul olmaq və. s. Biz bu məsələni MDB ölkələrinin Rusiyadakı səfirləri ilə də müzakirə etmişik. Nümunə üçün deyə bilərəm ki, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu miqrantların rus dili və tarixindən imtahan verməsini vacib sayır. Digər MDB ölkələrinin səfirləri də bu məsləyə çox ciddi yanaşırlar”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR