Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və daimi uçota alınmasında "bir pəncərə" prinsipinin tətbiqinə başlanıb

Azərbaycanda nəqliyyat vasitələrinin dövlət qeydiyyatı və daimi uçota alınmasında "bir pəncərə" prinsipinin tətbiqinə başlanıb
# 15 may 2012 09:24 (UTC +04:00)
APA-nın məlumatına görə, bu, Nazirlər Kabinetinin 1999-cu il 15 mart tarixli 39 nömrəli qərarı ilə təsdiq edilmiş "Mexaniki nəqliyyat vasitələrinin və onların qoşqularının müəyyən edilmiş qaydada dövlət qeydiyyatından keçirilməsi və dövlət qeydiyyatı üzrə uçota alınması haqqında Əsasnamə"də edilmiş dəyişikliklərdə əksini tapıb.

Dəyişikliyə əsasən, nəqliyyat vasitələrinin dövlət qeydiyyatının və daimi uçota alınmasının, qeydiyyat şəhadətnaməsi və dövlət qeydiyyat nişanının verilməsinin "bir pəncərə" prinsipi əsasında təşkil edilməsi, Əsasnamədə nəzərdə tutulmuş dövlət rüsumunun və vergilərin yalnız bank, poçt, plastik kart və ya internet vasitəsilə ödənilməsi nəzərdə tutulur.

Nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının verilməsi, habelə nəqliyyat vasitəsinin müayinəsi ilə bağlı hərəkətlər iş günü ərzində fasiləsiz olaraq həyata keçirilir.

Nəqliyyat vasitəsinin müayinəsi növbələrin yaranmasını istisna edən şəraitdə xüsusi avadanlıqlarla təchiz olunmuş yerlərdə aparılır.

Nəqliyyat vasitəsinin sahibi və ya ona sərəncam vermək hüququ olan digər şəxs nəqliyyat vasitəsinin dövlət qeydiyyatı və daimi uçota alınması, qeydiyyat şəhadətnaməsinin və dövlət qeydiyyat nişanının alınması ilə bağlı dövlət qeydiyyatını həyata keçirən orqanlara internet vasitəsilə elektron formada müraciət edə bilər.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqan müraciət etmiş şəxslərin qəbul edilməsi ardıcıllığının tənzimlənməsi üçün "Elektron növbə" idarəetmə sistemi vasitəsilə həmin şəxslərin növbəsini müəyyən edir və bu barədə (tarix və vaxt göstərilməklə) onlara eyni qaydada məlumat verir.

Nəqliyyat vasitələrinin dövlət qeydiyyatını həyata keçirən orqanın rəsmi internet informasiya ehtiyatında yaradılmış elektron xidmət bölməsində dövlət qeydiyyatının həyata keçirilməsi üçün tələb olunan sənədlərin dəqiq siyahısının və müvafiq sənədlərin (ərizə və digər) elektron formasının yerləşdirilməsi, habelə sənədlərin elektron formada qəbul edilməsi təmin edilir. Müraciət edən şəxs müəyyən edilmiş qaydada doldurulmuş ərizəni və bu Əsasnamədə göstərilən digər sənədlərin skan edilmiş surətlərini elektron formada dövlət qeydiyyatını həyata keçirən orqana təqdim edə bilər. Sənədlərin skan edilmiş surətlərinin həqiqiliyi dövlət qeydiyyatını həyata keçirən orqanın vəzifəli şəxsində şübhə yaratdıqda, müvafiq sənədlər barədə məlumat əldə etmək üçün dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatlarından istifadə edilir, bu mümkün olmadığı halda müraciət etmiş şəxslərdən həmin sənədlərin əsli tələb edilir.

Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqaviləni, yaxud nəqliyyat vasitəsindən istifadə edilməsi və ya ona dair sərəncam verilməsi hüquqları ilə bağlı etibarnaməni təsdiq edərkən, notarius müqavilənin və ya etibarnamənin təsdiq edilməsi barədə məlumatı dərhal Ədliyyə Nazirliyinə göndərir. Ədliyyə Nazirliyi texniki vasitələrdən istifadə etməklə, həmin məlumatı 3 (üç) gün müddətində Daxili İşlər Nazirliyinə (DİN) göndərir. Daxil olmuş məlumat əsasında DİN 3 (üç) gün müddətində nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatını həyata keçirir və müvafiq məlumatı daşınar əmlakın rəsmi reyestrinə daxil edir.

Nəqliyyat vasitəsinin icarəyə verilməsinə dair müqavilə notarius tərəfindən təsdiq edilmədikdə, nəqliyyat vasitəsinin təkrar dövlət qeydiyyatı bu Əsasnamədə nəzərdə tutulmuş ümumi qaydada həyata keçirilir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR