SKMF iri çörək istehsalı müəssisəsinin tikintisini maliyyələşdirməyə başlayıb

SKMF iri çörək istehsalı müəssisəsinin tikintisini maliyyələşdirməyə başlayıb
# 03 avqust 2012 10:27 (UTC +04:00)
Bakı. Əli Əhmədov – APA-Economics. Bu gün İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu (SKMF) Xəzər rayonunun Türkan qəsəbəsində “Sahibkarlığın inkişafına dövlət dəstəyi” mövzusunda növbəti tədbirini keçirib.

Nazirlikdən «APA-Economics»ə verilən məlumata görə, Bakı qəsəbələrində fəaliyyət göstərən 200-dək sahibkarın iştirak etdiyi tədbirdə İİN-in Sahibkarlığın inkişafı siyasəti şöbəsinin müdiri Zaur Qasımov və Regionların inkişafı və dövlət proqramları şöbəsinin müdir müavini Fərrux Dadaşov “2011-2013-cü illərdə Bakı şəhərinin və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq Bakı şəhərində və onun qəsəbələrində görülən işlər, eləcə də İİN tərəfindən göstərilən elektron xidmətlər vasitəsilə lisenziya və sertifikatların alınması barədə sahibkarlara ətraflı məlumat veriblər.

SKMF-in icraçı direktoru Şirzad Abdullayev Fond tərəfindən Dövlət Proqramlarında nəzərdə tutulmuş tədbirlərin icrası istiqamətində görülmüş işlər, güzəştli kreditlər hesabına Bakı qəsəbələrində həyata keçirilən layihələr barədə məlumat verib.

Qeyd edilib ki, 2012-ci ilin ötən dövrü ərzində Fondun vəsaitləri hesabına respublika üzrə sahibkarlıq subyektlərinin 1546 investisiya layihəsinin maliyyələşdirilməsinə 127,9 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 6400-dək yeni iş yerinin yaradılması nəzərdə tutulur. 2011-ci il və 2012-ci ilin ötən dövrü ərzində Sahibkarlığa Kömək Milli Fondunun vəsaitləri hesabına Bakı ətrafı kənd və qəsəbələr üzrə 332 investisiya layihəsinin, o cümlədən yeni texnologiyaların tətbiqinə əsaslanan 32 layihənin maliyyələşdirilməsinə 48,8 mln. manat güzəştli kredit verilib. Bu layihələrdən 13-ü, o cümlədən 4 müasir istixana, 3 müasir quşçuluq təsərrüfatı, 3 müasir çörək zavodu, 1 yeyinti sənayesi məhsulları istehsalı müəssisəsi, 1 ət emalı müəssisəsi və 1 mebel fabriki istifadəyə verilib.

Bakı ətrafı kənd və qəsəbələrdə müxtəlif istehsal, emal və infrastruktur müəssisələrinin inşası ilə yanaşı, müasir texnologiyalara əsaslanan çörək istehsalı müəssisələrinin də yaradılması nəzərdə tutulub. Dövlətin güzəştli kreditləri hesabına Azərbaycanda illik istehsal gücü 156,3 min ton olan 14 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 13,1 mln. manat, o cümlədən Bakı ətrafı kənd və qəsəbələr üzrə illik istehsal gücü 123,5 min ton olan 8 çörək istehsalı müəssisəsinin maliyyələşdirilməsinə 6 mln. manatadək güzəştli kredit verilib. Bildirilib ki, tikintisinə başlanmış iri çörək istehsalı müəssisələrindən olan “Xəzri TN” MMC tərəfindən müasir texnologiyaların tətbiqi ilə Əhmədli qəsəbəsində gündəlik istehsal gücü 140 ton çörək istehsalı olan zavodun inşasına Fond tərəfindən ilkin mərhələdə 1 mln. manat güzəştli kredit ayrılıb.

Tədbir çərçivəsində müvəkkil kredit təşkilatları vasitəsilə Bakı qəsəbələrində fəaliyyət göstərən 19 sahibkarlıq subyektinə 1,3 mln. manat güzəştli kredit verilib. Bu kreditlər hesabına 240-a yaxın yeni iş yerinin yaradılması nəzərdə tutulur.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR