«Flydubai» şirkəti aviaparkını genişləndirir

«Flydubai» şirkəti aviaparkını genişləndirir
# 04 aprel 2012 14:41 (UTC +04:00)
Bakı. Nicat Mustafayev – APA-Economics. Birləşmiş Ərəb Əmirliklərinin «Flydubai» aviaşirkəti yeni istiqamətlərə uçuşların təşkili ilə yanaşı, aviaparkını da genişləndirir. Bu barədə «APA-Economics»ə aviaşirkətin rəhbəri Qeyt əl Qeyt bildirib.

Onun sözlərinə görə, 2011-ci il «Flydubai» üçün çox uğurlu olub. Belə ki, şirkət sərnişinlərə göstərdiyi xidmətlərin geniş çeşidi və ekipajın təcrübəsinin artırılması hesabına Yaxın Şərq və qonşu regionda qənaətcil aviaşirkətlər sırasında liderliyini qoruyub saxlayır.

Şirkətin bu ilə olan planlarına toxunan Qeyt əl Qeyt bildirib ki, 2012-ci il ərzində «Flydubai» yeni istiqamətlərə bir sıra aviareyslər açacaq və eyni zamanda mövcud aviaparkını genişləndirəcək: «Ötən ilin dekabr ayında biz ABŞ-ın «Boeing» Korporasiyasından sayca yeddi «Boeing-737» sərnişin təyyarəsi almışıq ki, aviarparkımızda təyyarələrin ümumi sayı 21-ə çatdırılıb. Sözügedən təyyarə «Boeing Sky Interior» interyerli və «Fiber-To-The-Screen» əyləncə sistemi ilə təchiz olunmuş sayca 14-cü təyyarəmizdir. Eyni zamanda, bu təyyarə bizim aviaparkımızda «Zonal Drying» kondensasiyanı azaldan sistemlə təchiz olunmuş ilk avialaynerdir ki, bu da atmosferə atılan zərərli tullantıların həcmini azaldır».

«Flydubai» rəsmisi həmçinin qeyd edib ki, ümumiyyətlə şirkət «Boeing» Korporasiyasından 50 ədəd təyyarə sifariş edib və artıq təyyarələrin 22-si Korporasiya tərəfindən təhvil verilib: «Təyyarələrin qalan hissəsi 2016-cı ilin sonunadək aviaparkımıza daxil olacaq. Təyyarələrimizin sayının artması bizə daha çox sərnişinə xidmət etməyə imkan yaradacaq».

Qeyt əl Qeyt onu da vurğulayıb ki, «Flydubai» yükdaşımalar sahəsində də yeni bölmə yaratmaq niyyətindədir: «Ümumiyyətlə, biz istismar xərclərini və eyni zamanda aviabiletlərin qiymətlərini bir qədər də ucuzlaşdırılması istiqamətində bütün imkanları istifadə edirik».

Qeyd edək ki, 2011-ci il ərzində Dubay beynəlxalq hava limanından sərnişindaşımalarının həcmi 2010-cu ilə nisbətən 8% artıb.

Xatırladaq ki, ilkin kapitalı 68 mln. ABŞ dolları olan «Flydubai» aviaşirkəti 2008-ci il mart ayında fəaliyyətə başlayıb, 2009-cu il noyabr ayının sonundan etibarən isə Dubay-Bakı-Dubay marşrutu üzrə birbaşa sərnişin aviareysini istifadəyə verib. Hazırda şirkət 27 ölkənin 45-dən çox şəhərinə uçuşlar yerinə yetirir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR