Ekspert: “Azərbaycanda ərzaqdan zəhərlənmə faktları artıb”

Ekspert: “Azərbaycanda ərzaqdan zəhərlənmə faktları artıb”
# 01 avqust 2012 11:48 (UTC +04:00)
Bakı. Etibar Məmmədov - APA. “Rəsmi statistikaya görə, bu ilin 6 ayı ərzində Azərbaycanda 616 zəhərlənmə faktı qeydə alınıb”. APA-nın məlumatına görə, bu fikirləri Azad İstehlakçılar Birliyinin (AİB) eksperti Sənan Kərimov bu gün keçirdiyi mətbuat konfransında səsləndirib. Onun sözlərinə görə, zəhərlənmə faktlarının artmasına səbəb istehsal olunan məhsulların keyfiyyətinin aşağı səviyyədə olmasıdır: “Azərbaycanda yeyinti sənayesində ciddi nöqsanlar var. İstehsal olunan bəzi məhsullar keyfiyyətsizdir. Həmçinin, kənd təsərrüfatı sahəsində aparılan aqrotexniki tədbirlər yarıtmaz vəziyyətdədir. Ümumiyyətlə, məhsulların keyfiyyətinin yüksək olması üçün sağlam torpaq lazımdır. Lakin bizdə torpaqlar eroziyaya uğrayıb. Həmçinin, Azərbaycanda yeyinti sənayesini idarə edən strukturlar ləğv edilib və fiziki-kimyəvi laboratoriyalarda analiz aparılmır. Belə şəraitdə istehlakçı məhsulun keyfiyyətini müəyyənləşdirə bilmir. Buna qarşı mübarizə aparmaq üçün məhsulların fiziki-kimyəvi xüsusiyyətləri müəyyənləşməlidir. Ərzağı yoxlamazdan əvvəl, müəssisəyə daxil olan xammalı yoxlamaq lazımdır. Daha sonra isə, onun saxlanması, nəql edilməsi məsələsinə nəzarət etmək lazımdır. Hər bir xammal istehsalata göndərilən zaman onun keyfiyyətli olmasını sübut edən müşayiətedici sənədləri olmalıdır. Ərzaq təhlükəsizliyi ilə bağlı maarifləndirmə artırılmalıdır və mütəxəssislər hazırlanmalıdır”.

Ekspert qeyd edib ki, ərzağın təhlükəsizliyi məsuliyyətini yalnız istehsalçıların üzərinə atmaq düzgün deyil. “Burada istehlakçılar da diqqətli olmalıdır. Belə vəziyyətlə mübarizə aparmaq hər bir vətəndaşın borcudur”.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR