Abşeron rayonunda inşa olunacaq Zooloji Parkın layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilib

Abşeron rayonunda inşa olunacaq Zooloji Parkın layihəsinin təqdimatı və ictimai müzakirəsi keçirilib
# 03 avqust 2012 10:53 (UTC +04:00)
APA-nın məlumatına görə, müzakirələrdə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin nümayəndələri, həmçinin layihəni hazırlayan “Ekodenge Engineering and Consultancy Ltd” şirkətinin rəhbərliyi iştirak edib.

Layihənin təqdimatını keçirən “Ekodenge Engineering and Consultancy Ltd” şirkətinin icraçı direktoru Yavuz Yöntem bildirib ki, bu layihə bölgədə turizmin inkişafına şərait yaradacaq. Eyni zamanda zooloji parkda elmi tədqiqatların, rekressiya işlərinin aparılması həyata keçiriləcək. Layihənin üzərində 2010-cu ildən işlərin aparıldığını, ilk olaraq Qobu kəndi yaxınlığında ərazinin seçildiyini deyən Y. Yöntem cari ilin əvvəlində parkın Ceyranbatan qəsəbəsi ərazisində, Qumyataq gölü yaxınlığında yaradılması barədə qərarın qəbul edildiyini bildirib. Qumyataq gölü ilə dəmir yolu arasında, ümumi sahəsi 55 hektar təşkil edəcək zooloji park Dünya Zooloji Parklar Birliyinin standartlarına uyğun hazırlanacaq. İlk olaraq 4,6 hektar ərazidə işlər həyata keçiriləcək. Bu bölgədə heyvanların müvəqqəti sığınacaqları və heyvan xəstəxanası inşa olunacaq. Ərazidən tullantıların gölə axmaması üçün təmizləyici və kanalizasiya sistemi qurulacaq. İlkin hesablamalara görə zooloji park hazır olandan sonra illik 1 milyon ziyarətçi qəbulu gözlənilir. Parkda 9 əsas sərgi bölgəsi, 224 müxtəlif heyvan növü və ümumilikdə 1518 heyvan saxlanılacaq. Zooloji parkda Azərbaycan təbiətinə uyğun, həmçinin nəsli kəsilməkdə olan heyvan növləri də saxlanılacaq. Bitki seçimində də Azərbaycana məxsus, həmçinin Azərbaycan üçün endemik olan bitkilər əsas götürüləcək.

Y. Yöntəm, həmçinin əlavə edib ki, zooloji park Afrika, çöl zonası, bataqlıq, Avstraliya, Şimali Amerika, dağlıq zona, ağaclıq və otlaq sahə, Cənubi Amerika Biodomesindən ibarət olacaq. Gələcəkdə isə burada qütb zonası və akvariumun yaradılması nəzərdə tutulur.

«İnsanlar burada rahat şəkildə parkda yaşayan heyvanları müşahidə edə biləcək, hətta bəziləri ilə təmas yarada biləcəklər. Bəzi yırtıcı heyvanların olduğu ərazilərdə isə onları insanlardan su doldurulmuş xəndəklər ayıracaq», - deyə şirkət rəhbəri vurğulayıb.

Zooloji parkda quşlar xüsusi böyük qəfəslərdə saxlanılacaq, bunların da ən böyüyü 3500 kvadratmetr sahəni əhatə edəcək. Bu qəfəslərdə hətta onların uça bilmələri üçün şərait olacaq.

Qeyd edək ki, “Zooloji Parkın yaradılması haqqında” ölkə başçısının 26 dekabr 2008-ci il tarixli sərəncamının icrası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilir. Zooloji Parkın dizayn, tikinti və inkişaf planı layihəsinin hazırlanması ilə əlaqədar nazirlik tərəfindən beynəlxalq tender keçirilib və tenderin qalibi olmuş “Ekodenge Engineering and Consultancy Ltd” şirkəti ilə müqavilə imzalanıb. 2010-cu ilin iyun ayından etibarən şirkətin mütəxəssisləri müvafiq çalışmalara start veriblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR